Bakı Metropoliteni sərnişinləri Yeni il şousu ilə qarşılayır – FOTO

Bakı metropolitenində ənənələrə sadiq qalaraq, dekabrın 29-dan “İçərişəhər” stansiyasının vestibülündə azyaşlı sərnişinlər, paytaxt sakinləri və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə bəxş edəcək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş bayram şousu başlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərnişinlərin görüşünə Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız gəliblər. 

Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də fərqli proqramla azyaşlı sərnişinlərini sevindiriblər. İki saata yaxın davam edən proqram zamanı məşhur nağıl və cizgi qəhrəmanları, sehrbaz, nəhəng oyuncaqlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirərək, onları müxtəlif hədiyyələrlə sevindiriblər. 


Şaxta baba və şou qəhrəmanları azyaşlı sərnişinlərlə xatirə şəkilləri çəkdiriblər. Şou-tamaşa nəinki azyaşlı sərnişinlərə, həmçinin tədbirin bütün ziyarətçilərinə əyləncəli və unudulmaz anlar yaşadıb. Şaxta baba və Qar qız tədbirin digər qəhrəmanları ilə birlikdə stansiyanın platformasına enərək burada, daha sonra qatarlarda sərnişinlərə bayram təbriklərini çatdırıblar.
“İçərişəhər” stansiyasında proqram “Dj. Kənan”ın ifasında yeni il mahnılarından ibarət konsertlə davam edib.

Ümumən, 2022-ci ilə sayılı günlər qaldığı bir vaxtda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə və Yeni ilin gəlişini bildirən, bayram əhval-ruhiyyəsini daha da rəngarəng edən tədbirlərə dekabrın son ongünlüyündən başlanılıb.

Qırmızı xəttin “İçərişəhər”, “28 May” və “Koroğlu”, Yaşıl xəttin “Elmlər Akademiyası” və Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində bəzəkli şam ağacları quraşdırılıb. Metropoliten xətlərində isə il sonunun əsas bayramlarının mövzusunda bəzədilmiş qatar hərəkət edir. Qatarlarda Azərbaycanın tanınmış mədəniyyət simalarının bayram təbrikləri və bayram musiqiləri səsləndirilir.

Yeni il şənliyi dekabrın 30-da davam edəcək. Dekabrın 31-i və yanvarın 1-də isə “İçərişəhər” və “28 May” stansiyalarında simli kvartetin ifasında konsert proqramları təşkil ediləcək.

Leave a Reply