Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki və hüquqi şəxslər cərimə ediləcək.
TIME bildirir ki, fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcəklər.
Dəyişikliyə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Cərimələrin tətbiqi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə bununla bağlı düzəliş edilib.
Bununla yanaşı, “Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına qadağa qoyulub.
Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.