Müstəqil Azərbaycanın müzəffər Prezidenti yubileyini qeyd edir

Bu gün, 24 dekabr, yüksək siyasi peşakarlıq nümayiş edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş dövlət başçısının, müzəffər Ali Baş komandan və  ölkəmizə Zəfər gətirən ilk Prezident – İlham Əliyevin doğum günüdür.

Bu il Prezident İlham Əliyev 60 illik yubileyini iqtisadi və siyasi nöqteyi nəzərdən müstəqil dövlətin başçısı kimi qeyd edir.

İlk dəfə Azərbaycan Prezidenti seçildikdə İlham Əliyev ölkənin gələcəyi ilə bağlı bir sıra vədlər vermişdir və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirmişdi:

“Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm və söz azadlığı təmin ediləcək. Ölkəmiz müasir bir dövlətə çevriləcək. Bütün bunlara nail olmaq üçün Azərbaycanda çox işlər görülməlidir. Ancaq bütün bunları reallaşdırmaq və Azərbaycanı qüdrətli bir dövlətə çevirmək üçün ilk növbədə ölkədə Heydər Əliyev siyasətini davam etdirmək lazımdır ”, – deyə Prezident İlham Əliyev qeyd etmişdir.

Bu nitqin söyləndiyi gündən bu günədək artıq 18 il ötüb və biz bu vədlərin illər ərzində necə mərhələli şəkildə gerçəkləşdiyinin şahidiyik.

Son illər ərzində aparılan iqtisadi və sosial reformalar artıq bu gün bəhrəsini verir, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən irimiqyaslı işlər görülür. Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının, valideynini itirmiş minlərlə uşağın və gəncin bu gününün və gələcəyinin, ölkəmizin və regionun stabilliyinin zəmanətçisidir. Bütün dünyanın iqtisadi böhrən yaşadığı bir dönəmdə Azərbaycanda  regional səviyyədə böyük əhəmiyyət kəsb edən layihələrin bünövrəsi qurulur.

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev dediyi sözlərin arxasında duraraq ildən-ilə Azərbaycanın inkişafı, dünya səviyyəsində müsbət imic qazanması uğrunda çalışıb və artıq bir çoxlarının ümid etmədiyi belə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğal altında olan torpaqlarımızı azad etməyə müvəffəq oldu, xalqımıza qalibiyyət sevincini yaşatdı, illər boyu doğma torpağını görmək arzusu ilə yaşayan insanların gözləntilərini gerçəkləştirdi.

Bu illər ərzində ölkədə enerji resurslarının ixracı sayəsində iqtisadi artım müşahidə olunub, son illərdə İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun, İKT, sənaye, kənd təsərrüfatı, turizm və s. prioritet sahələrin inkişafına doğru bir istiqamət götürülüb. Azərbaycan idman sahəsində fəal siyasət aparır, ölkədə güclü idmançıların yetişdirilməsinə böyük diqqət yetirilir və bu, öz bəhrəsini verir, azərbaycanlılar beynəlxalq yarışlardan qalib olaraq qayıdırlar. Azərbaycanın tarixi abidələrinin, milli-mədəni irsinin qorunması, dünya səviyyəsində tanınması sahəsində görünməyən miqyasda işlər aparılır.

Bu günlərdə isə bütün dünya Prezident İlham Əliyevin regionda sülhün və stabilliyin təmin edilməsi naminə üçtərəfli görüşlərdə Ermənistanla münaqişənin həlli üçün nümayiş etdiyi peşakar yanaşmanın, böyüklüyün şahidi oldu.

Ən əsası isə Azərbaycanla Türkiyənin məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə əsl qardaşlıq münasibətlərinin inkişafına nail olundu və digər qonşularla səmimi dostluq münasibətləri, provokasiyalara baxmayaraq, qorunub saxlanıldı.   

Nəticə olaraq, bu gün Azərbaycan Prezidenti həyatının yeni ilinə, ədalətli Zəfər qazanmış, düşmənin dinc əhalisinə qarşı humanistlik nümayiş edən dövlət başçısı kimi qədəm qoyur. Bu gün ki Zəfərimiz eyni zamanda Qarabağ uğrunda mübarizədə ölkəmizin mənafeyini dəstəkləyən dünya ictimaiyyətinin, tərəfdaş dövlətlərin, Azərbaycan ordusunun və xalqının rəğbətini qazanmış Prezident İlham Əliyevə taleyin bir hədiyyəsidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bu gün ölkəmizin siyasi qələbəsidir, gələcəkdə isə sosial və iqtisadi qələbəsi olacaq. İşğaldan azad edilmiş ərazilərimizin bərpası yeni iş yerlərinin açılmasına, su təhlükəsizliyinə, beynəlxalq layihələrin icrasının təmin edilməsinə, nəqliyyatın, beynəlxalq yük və sərnişin daşımalarının, kənd təsərrüfatının, turizmin, sahibkarlığın və s. sahələrin inkişafına gətirib çıxaracaq və əsl qələbəmizi biz dövlət olaraq bütün bu layihələrin bəhrəsini topladıqda əldə edəcəyik.  

TIME.NET.AZ İNTERNET PORTALININ KOLLEKTİVİ PREZİDENT İLHAM ƏLİYEVİ AD GÜNÜ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR VƏ NÖVBƏTİ İLLƏRDƏ CAN SAĞLIĞI, XOŞBƏXTLİK VƏ YENİ QALİBİYYƏTLƏR ARZU EDİR!

Leave a Reply