Azercell Nizami Gəncəvinin əsərlərindən ibarət audio kitab təqdim edib-FOTO-YENİLƏNİB

Bu gün “Azercell Telekom” şirkətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Audio Kitab” layihəsinin təqdimatı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya çıxış etdi və bu layihənin Azərbaycanın milli irsini və ədəbiyyatını onlayn platformalarda dünya səviyyəsində tanıtmaq olduğunu qeyd etdi:

“Bu sahədə ilk addım beynəlxalq Bookmate platformasina qoşulmaq idi və bu gün artıq bu platformada Azərbaycan dilində 1036 kitab var. Onların arasında klassik əsərlərimiz ilə yanaşı gənc yazıçılarımızın əsərləri də var. Yeni layihəmizin həyata keçirilməsində əsas məqsədimiz dahi Nizaminin əsərlərini və ədəbiyyatımızı bütün dünyada tanıtmaqdır və müasir texnologiyaların təkcə əyləncə üçün deyil, eyni zamanda mütaliə üçün geniş imkanlar təqdim etdiyini nümayiş etməkdir”, – deyə N. Şıxlinskaya qeyd etdi.

Daha sonra Azercell-in təşəbbüsü ilə Şərqin ən görkəmli ədəbi simalarından biri olan azərbaycanlı şair və filosof Nizami Gəncəvinin 60-dan çox müxtəlif həcmli əsərləri Azərbaycan, türk, rus, ingilis və fransız dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında audio formatında tərtib edilmiş kitabın təqdimatı oldu.

Hazır audio materiallar Azercellin eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənib.

Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti”-nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış “Kərpickəsən kişinin dastanı” komiksi də iştirakçılara təqdim olunub.

Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış etdilər.

Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Leyli və Məcnun” baletindən səhnə də nümayiş etdirilib.

Xatırladaq ki, Azercell tərəfindən eksklüziv şəkildə təqdim olunan “Bookmate” tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi. “Bookmate” Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html


 

Leave a Reply