Turizm haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq ediləcək

Dekabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib və onları təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, komitə sədri gündəliyin növbəti məsələlərinin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlik probleminin həllinə yönəldiyini deyib.

Belə ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənəddə sığorta hadisəsi anlayışına dəqiqlik gətirilib. Digər dəyişiklikdə isə “işsizliyin başlanmasından” ifadəsi “sığorta hadisəsinin baş verdiyi tarixdən” ifadəsi ilə əvəz edilib. Layihədə, həmçinin, əmək müqaviləsinin müddəti qurtardıqda tələb olunan ən azı 36 təqvim ayı ərzində əmək müqaviləsinin müddətinin 30 ayadək azaldılması, sığorta ödənişinin isə 3 ay sonra deyil, sığorta hadisəsi baş verdikdə ödənilməsi məqsədilə müvafiq dəyişikliklər aparılıb.

“Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar təklif edilir.

Daha sonra Musa Quliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, məcəlləyə  turizm haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə əlavə olunur və bu sahədə yaranan hüquq pozuntuları ilə bağlı müvafiq cərimələr müəyyən edilir.

Tədbirin sonunda “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda, digər üç qanun layihəsi isə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Rauf Əliyev, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev iştirak ediblər.

Leave a Reply