Minimum əməkhaqqı və bir sıra sahədə çalışan işçilərin maaşı artırılıb

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən bir sıra sahələrdə çalışan işçilərin əməkhaqları artırılıb, minimum aylıq əməkhaqqının məbləği isə 2022-ci il yanvarın 1-dən 300 manat olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir, əmək haqqı artımı sahədən asılı olaraq 20-40 təşkil edir. Aşağıdakı sahələr və qurumlarda çalışan şəxslərin maaşları yanvarın 1-dən orta hesabla 20 faiz artırılır:

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
  • Heydər Əliyev Mərkəzi;
  • “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
  • Azərbaycanda Atatürk Mərkəzi;
  • Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
  • Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
  • Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
  • Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
  • Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
  • Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
  • Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
  • Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi;
  • Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
  • Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi;
  • icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq

Dövlət başçısının imzaladığı digər iki sərəncam 165 min təhsil işçisini əhatə edib və onların maaşları artırılıb. Qeyd edilən artımı təmin etmək məqsədi ilə əlavə 273 milyon manat illik vəsait nəzərdə tutulub. Maaş artımı aşağıda göstərilən kateqoriyalar aid olan müəllimlərə şamil olunur:

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər:

  • Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20%
  • Təhsil müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20%
  • Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40%

Dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlər:

  • Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20%
  • Fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30%
  • Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40%

Qeyd edək ki, yeni ildən tətbiq ediləcək artım 2,1 milyondan çox şəxsi əhatə edəcək və onları təmin etmək üçün illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq.

Leave a Reply