KFW-nin “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin maliyyələşdirməsi məsələsi müzakirə edilir

Dekabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, komitə sədri diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə  dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsidir. Sənədin müvafiq maddəsinə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və borcalan arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetirilir. İstifadə müddəti başa çatandan sonra YBƏA tərəfindən heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirilmir. Dəyişiklikdə əsas məqam vaxtın uzadılmasından ibarətdir.

Sonra iclasda gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, sənəd Maliyyələşdirmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlıdır. Dəyişiklikdə deyilir ki, KfW, 30 dekabr 2026-ci ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malikdir. Lakin resipient vəsaitlər üçün ödənişləri vaxtlı-vaxtında həyata keçirməklə bağlı KfW qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, verilmiş bütün vəsaitlərin razılaşdırılmış məqsəd üçün istifadə etdiyini sübut edə bilmirsə və proqramda göstərilən digər hallar istisna olmaqla, ödənişləri dayandıra bilməz.

İclasda Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya  komitəsinin sədr müavini Asim Mollazadə, komitə üzvləri  İltizam Yusifov, Anar Məmmədov, Afət Həsənova, Nəsib Məhəməliyev, Fatma Yıldırım əhalinin icmali su ilə təminatı, çirkab suların təmizlənməsi, tullantıların idarə olunması, təhlükəli tullantıların emalı və məhv edilməsi, Xəzər dənizinə axıdılan çirkab suların qarşısının alınması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda gündəliyə daxil edilən hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Məşhur Məmmədov, Naqif Həmzəyev, Mixail Zabelin və Əliabbas Salahzadə iştirak ediblər.

Leave a ReplyCancel reply