DİM fəlsəfə doktoru imtahanları keçirəcək

Dekabrın 19-da Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.

19 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək. 

İmtahanlarda 316 iddiaçı iştirak edəcək. 295 nəfər ingilis dili, 11 nəfər fransız dili, 10 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və iddiaçı tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 3 imtahan binası, 5 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 31 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Qeyd 1. Dekabrın 19-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın dekabrın 25-dən etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 35 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 35 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı dekabrın 20-də, danışıq bloku imtahanı isə dekabrın 26-da keçiriləcək.

Leave a Reply