Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.
Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sonra birgə foto çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri başlayıb.
Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar. Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar.