Kinomuzun problemləri: “Dövlət büdcəsi hesabına istədiyi filmi çəkən rejissor cəsarətli sənətçidir”

Bu fikir bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində səsləndirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində rejissor Elvin Adıgözəlin “Biləsuvar” filminin  nümayişindən sonra kino sahəsinin aparıcı nümayəndələri Elvin Adıgözəllə “Azərbaycanda müstəqil kino” mövzusunu müzakirə ediblər.

Məlum mövzunu müzakirə etmək üçün Elvin Adıgözəldən daha yaxşı nümunə olmayacağını vurğulayan kinoşanas Sevda Sultanova ilk olaraq, müəllifdən müstəqil kino rejissorunu tərif etməyi istəyib: “Elvin, sənə görə müstəqil rejissor kimdir? Ümumiyyətlə, səncə, rəsmi qurumlardan maddi dəstək alsa da, heç bir senzura ilə razılaşmadan film çəkən sənətçini  müstəqil rejissor hesab edə bilərikmi? Bunun ən bariz nümunəsi Andrey Zvyagintsevdir ki, o, Rusiya Mədəniyyət Nazirliyindən maliyyələşdi, amma çox müstəqil film çəkdi”.

Kinoşünasın sualına cavabında rejissor bildirib ki, müstəqil kino təkcə maliyyə baxımından yox, həm də yanaşma cəhətdən müstəqil olan filmdir: “Müstəqil kino dedikdə, maliyyə cəhətdən müstəqil olan kino ilə yanaşı, həm də stilistika, yanaşma olaraq, ənənəvi kino qaydalarına əks gedən kino nəzəriyyəsi nəzərdə tutulur. Müstəqil kinonun bir çox ölkələrdə böyük nümunələri var, biz bunu yeni etmirik. Amerika sinemasının 70-ci illəri, Asiya sinemasının 80-ci illəri və s. Rəsmi qurumdan pul alıb, film çəkən rejissora gəlincə, əgər müəllif dövlət büdcəsindən pul alıb, senzuraya rəğmən öz istədiyi kimi film çəkirsə, təbii olaraq, həmin rejissor cəsarətli sənətçidir. Bu, müzakirə tələb etmir. Amma o, hansı tərzdə film çəkir? Bu, ayrı bir sualdır. Yəni, müstəqil kinonun formatına uyğun film çəkir, yoxsa, böyük büdcəli filmdir, sadəcə olaraq, çəkir, cəsarət göstərir? Bu, ikitərəfli məsələdir. Zvyagintsev yaxşı nümunədir, amma o, dünya sinemasında kifayət qədər tanınan biridir. Elə bir adam ümumən post Sovet ölkələrdində demək olar ki, yoxdur”.

Rejissorun cavabına şərh verən S.Sultanova vurğulayıb ki, Azərbaycan rejissorları arasında da Mədəniyyət Nazirliyi hesabına film çəkən, amma eyni zamanda qurumun senzurasına tabe olmayan rejissorlar var: “Mərhum Çingiz Rəsulzadə “Kuklalar”ı dəyişmədi, Asif Rüstəmov “Axınla Aşağı”ıda finalı dəyişmədi. İlqar Nəcəf “Nar bağı”nda iki final etdi, festivala başqa finalla getdi. Yəni, bizim rejissorlar arasında da nazirlikdən maliyyələşdiyi halda, onların senzurasına etiraz edən rejissorlarımız var. Bütün hallarda, sənə başqa bir sualım var: Doğrudur, biz tez-tez Mədəniyyət Nazirliyini tənqid edirik. Düşünürəm ki, onlar öz öhdəliklərini layiqincə yerinə yetirmir, bu, ayrı məsələdir. Amma sənə elə gəlmir ki, Azərbaycanda müstəqil kinonun formalaşmaması həm də rejissorların günahıdır? Məsələn, 20-ci illər fransız kinosu kommersiya filmlərinə etiraz olaraq meydana gəlmişdi. Yəni, onlar bir hədəfə vururdular. Ümumiyyətlə, Elvin, səncə, Azərbaycanda müstəqil kinonun formalaşması üçün hansı şərtlər gərəklidir?”

Elvin Adıgözəl bu məsələdə rejissorların günahı olduğunu qəbul etsə də, sözügedən kinonun inkişafının daha fərqli anlayış olduğunu da dilə gətirib: “Çünki, ümumiyyətlə, ölkədə “Müstəqil kino” “İndependent cinema”adlı cərəyanın, yanaşmanın yetişməsi üçün birinci növbədə axın lazımdır. Axının formalaşması üçün isə eyni məqsədlər olmalıdır. Mən hələ 2016-cı ildə təklif etmişəm ki, müstəqil şəkildə kino çəkmək istəyən, hətta, ümumiyyətlə, kino sahəsində çalışmaq istəyən şəxslər,  gəlin görüşək, fikirlərimizi bölüşək və kinoya maliyyə necə ayrılmalıdırsa, bunu dövlətə bildirək”.

Rejissor həmçinin, qeyd edib ki, Azərbaycan kinosunu Amerika və ya Avropa kinosu ilə müqayisə etmək yanlışdır, bizim filmlər üçün ən ideal müqayisə İndoneziyadır və bu, ən ideal versiyadır. “Müqayisə edəcəyim “İndoneziyanın yeni dalğası” “İndoneziya sineması” adlandırılan böyük inkişaf isə 2000-ci illərdə başladı. Həmin vaxt İndoneziyalı prodüser Yulia Evina Bhara və həm rejissor, həm də prodüser olan  Joko Anvar ilə Yosep Anggi Noen üçü birlikdə “başqa kino” üçün maliyyə tapmaq qərarına gəldilər və fərqli marketinq üsullarına əl ataraq məqsədlərinə nail oldular”, – deyə o qeyd edib.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, mədəniyyət və incəsənət çərçivələri sevmir, fərqli iş görmək üçün isə istənilən sahədə geniş təfəkkürə, özünəməxsus baxışa malik olmaq əsas şərtdir. Bu sahədə oxşatma plagiata yaxın bir işdir. Azərbaycan kinosunda özünəməxsus bir üslubda kino çəkilişi mədəniyyətinin formalaşması bir çoxlarına miraj kimi, mümkünsüz bir məsələ kimi görünsə də, yeni nəsil rejissorların bunu etmək imkanı ola bilər. Lakin çərçivələrdən çıxmaq və özünəməxsus baxış heçdə aşırı açıq-saçıqlıq, qeyri-normativ leksika, bayağı süjetləri nəzərdə tutmur, əksinə çirkabda bir gözəllik göstərmək ustalıqdır və əsl sənətdir.

Leave a Reply