Böyrək xəstəlikləri hamiləliyin gedişatına necə təsir edir?

Bildiyimiz kimi hamiləliyin planlaşdırılmasında öncədən həkim nəzarətindən keçmək və mövcud olan xroniki xəstəlikləri müalicə etmək və ancaq ondan sonra hamilə qalmaq tövsiyə edilir. Lakin elə hallarda olur ki, artıq qadın hamilədir və böyrək problemləri ilə üzləşib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Vəfa Əbdürəhimova müsahibəsində qeyd edib ki, məlum olan və ya gizli gedən uroloji xəstəliklər hamiləlik dövründə ağırlaşa bilər.

– Qadınlarda hamiləlik zamanı görünən uroloji problemlər hansılardır?

– Hamiləlik qadın orqanizmində bir sıra mürəkkəb anatomik və funksional dəyişikliklər yaradır. Adətən hamilə qadının orqanizmi böyüməkdə olan dölün artan tələblərinin öhdəsindən rahatlıqla gəlir. Bu prosesdə ən vacib rollardan biri böyrək və sidik yollarının üzərinə düşür. Hamiləliyin sidik sistemində yaratdığı dəyisikliklər normal halda doğuşdan sonra keçib gedir. Lakin bəzi hallarda bir sıra problemlərin yaranmasına səbəb olur. Onlara böyrək və sidik yollarının infeksiyaları hesab edilən pielonefriti və sistiti, hidronefrozu, sidik saxlamazlığı, sidik kisəsi-sidik axarı reflyuksunu və s. göstərmək olar. Hamilə qadında hormonal fon dəyişir. Proqesteronun artması sidik yollarının tonusunun azalmasına və durğunluğa səbəb olur. Belə şəraitdə sidik infersiyalarına qarşı həssaslıq artır. Adi halda simptom verməyən bakteriya (sidikdə bakteriyanın çox olması) hamilədə sidikliyin iltihabı olan kəskin sistitə və böyrəyə qalxaraq pielonefritə səbəb olur. Hamiləliyin ilk 3 ayında, yəni 1-ci trimestrdə daha çox sistitə, 2-ci və 3-cü trimestrdə isə pielonefritə rast gəlinir. Buna səbəb dölün getdikcə böyüməsi ilə uşaqlığın yuxarı sidik yollarına təzyiqin və durğunluğun artmasıdır. Əgər sistit zamanı xəstəni sidiyə getmənin tez-tez və ağrılı olması narahat edirsə, böyrək iltihablaşdıqda, yəni artıq pielonefrit inkişaf etdikdə əlavə olaraq beldə ağrı, üşütmə, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, ümumi halsızlıq meydana gəlir. Kəskin sistit daha rahat müalicə oluna bilirsə də, onun əsasən 1-ci trimestrdə rastlanması problemi çətinləşdirir. Belə ki, hamiləliyin bu ilk 3 ayında dölün mayası qoyularaq onun formalaşması gedir və antibakterial müalicə bu prosesə mənfi təsir göstərə bilər. İrəli trimestrlərdə bu müalicənin dölə təsirinin nisbətən az olduğunu nəzərə alararaq onu daha inamla aparmaq olar. Mövcud antibiotiklər içərisində isə dölə təsiri ən minimum olanlar seçilməlidir.

Dərman müalicəsi ilə yanaşı hamiləyə bir sıra qidalanma və davranış qaydaları məsləhət görülür. Bəzi hallarda irinli sidiyin böyrəkdən sərbəst axması çətinləşdiyindən aparılan dərman müalicəsi effekt verməyə bilir. Belə hallarda problemin həlli üçün böyrəyə stent qoymaq zərurəti yaranır. Stent sidiyin axımını təmin etdiyindən müalicə də öz təsirini göstərməyə başlayır və hamilənin vəziyyəti yaxşılaşır. Belə sidik yolları infeksiyalarının inkişafının əsasında sidikdə xəstəlik törədəcək miqdarda bakteriyaların olmasıdır.

Hamiləlik zamanı təsadüf etdiyimiz dəyişikliklərdən biri də böyrəkdaxili boşluğun və sidik axarının genişlənməsidir ki, bu da əsasən ultrasəs müayinəsində müəyyən edilir və nəticədə hidronefroz kimi qeyd edilir. Bu diaqnoz hamiləni, həmçinin onun müşahidədə saxlayan mama-ginekoloqu çox ehtiyatlandırır. Hamiləlik zamanı bu vəziyyətə səbəb yuxarıda qeyd etdiyimiz hormonal dəyisiklik və mexaniki sıxılmadır. Əgər bu genişlənmə hamilə qadına ağrı vermirsə, iltihabla fəsadlaşmırsa, heç bir müalicə tələb etmir. Adətən doğuşdan sonra 6 həftə ərzində bu genişlənmə öz-özünə aradan qalxır. Əgər keçmirsə, uroloq tərəfindən ciddi yoxlanmalıdır.

Hamilə qadında görülə bilən uroloji problemlərdən biri də sidik qaçırmalardır. Bu epizodik, bəzən isə daha tez-tez baş verən sidik saxlamazlıq şəklində ola bilir. Ümumiyyətlə ilk 3 ayı çıxmaq şərtilə hamilə sidiyə müqayisədə tez-tez çıxır və hamiləlik böyüdükcə, bu say artır. Bu böyüyən uşaqlığın ondan öndə yerləşən sidik kisəsinə təzyiq etməsi ilə əlaqədardır. Sidiklikdə iltihabla əlaqədar sidik qaçırma ola, stress və ya qarışıq formalı sidik saxlamazlıq yarana bilir, lakin, hamiləlik bitdikdən sonra aradan qalxır. Bu vəziyyət, bundan əvvəl təbii və xüsusilə ağır doğuşu olmuş hamilələrdə daha sıx görünür.

Hamiləlik qadın orqanizmi üçün bir sınaqdır söyləsək, yanılmarıq. Ondan əvvəl məlum olan və ya gizli gedən uroloji xəstəliklər hamiləlik dövründə ağırlaşa bilər.

– Hamilələrdə təkrarlanan sidik infeksiyaları barədə nə söyləyə bilərsiniz?

– Sidik infeksiyasının hamilədə təkrarlanmasının əsasında tam müalicə olunmamaqla yanaşı, bu dönəmdə onun orqanizmində gedən dəyişikliklərlə əlaqədar bu infeksiyalara qarşı müqavimət göstərə bilməməsi durur. Gündəlik təcrübədə bu infeksiyaların müalicəsində istifadə etdiyimiz daha təsirli antibiotiklərin dölə təsiri baxımından hamiləyə təyin edə bilməməyiz də faktorlardan biridir. Yalnız ananın həyatı üçün təhlükə yaradan infeksion ağırlaşmalarda onların bəzilərindən istfadəyə ehtiyac yaranır. Belə mürəkkəb vəziyyətlərlə qarşılaşmamaq üçün hər bir qadın hamiləliyə sağlam getməlidir. Qeyd etdiyimiz təkrarlanan sidik infeksiyalarının törədiciləri hamiləlikdən öncə aşkarlanmalıdır. Bunun üçün ilk olaraq sidiyin ümumi analizini aparmaq yetərli olur. Bəzən sidik sistemi ilə bağlı heç bir şikayəti olmayan qadında bu analiz sidikdə çox sayda bakteriya aşkarlayır. Biz bunu asimptomatik bakteriuriya adlandırırıq. Tövsiyyəm odur ki, belə halları əhəmiyyətsiz buraxmasınlar. Bu vəziyyət, sidiyin əkilməsini nəzərdə tutan sidiyin bakterioloji müayinəsini və onun nəticələrinə əsasən müalicənin aparılmasını tələb edir.

– Böyrək problemləri bətndaxili dölə zərər verə bilərmi?

– Əvvəlcədən məlum olan böyrək və sidik yolları xəstəlikləri müalicə olunmadan hamiləlik başlayırsa, onlarla bağlı ciddi problemlərin yaranma riski çox yüksək olur. Hamiləlik zamanı böyrəklərin üzərinə düşən yük artdığından onların funksiyasının göstəricilərindən olan qanda kreatininin miqdarı vaxtaşırı yoxlanmalıdır. Sidik infeksiyalarının və digər urololi xəstəliklərin ağırlaşmaları hamilədə anemiya, sepsis, böyrək çatışmazlığı, arterial təzyiqin kəskin artması hallarına gətirib çıxara bilir. Bu da sözsüz ki, ana bətnində inkişaf edən dölə təsirsiz ötüşmür, onda müxtəlif inkişaf qüsurlarına, vaxtından əvvəl doğuma səbəb ola bilir. Yoxlanmadan, böyrək çatışmazlığı ilə hamilə qalmış qadının canlı uşaq dünyaya gətirmək şansı çox aşağı düşür. Bütün qeyd edilənləri nəzərə alaraq hamiləlik planlaşdıran qadınlara məsləhətim odur ki, bu dönəmə sağlam qədəm qoysunlar.

Leave a ReplyCancel reply