Azərbaycanla Türkiyə arasında peşə təhsili üzrə qardaşlıq sazişi imzalanıb

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.

Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

Səfərin ikinci günündə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə maddi-texniki baza ilə tanışlıq üçün infotur təşkil olunub.

Qonaqlar daha sonra təhsil nazirinin müavini İdris İsayevlə görüşüblər. Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Heyət üzvləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib, müəssisənin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra bu müəssisə ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.

Qonaqlar həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi ilə görüşüb. Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov və şöbə müdirləri iştirak edib.

Səfər çərçivəsində digər peşə təhsil müəssisələri ilə də mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 26 aprel 2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Bursa şəhərində yerləşən Avtomobil İxracatçıları Birliyi Texniki Anadolu Peşə Liseyi (OİB MTAL) arasında qardaşlıq sazişi imzalanıb. İlkin olaraq, 18-20 oktyabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər şəxslərinin iştirakı ilə Avtomobil İxracatçıları Birliyi Texniki Anadolu Peşə Liseyinə səfər edilib.

Leave a Reply