Azərbaycan kinosunun mahir qəhrəman qadın obrazlarının ifaçısı – Mömünat Qurbanova

Bu gün “Dərviş Parisi partladır” filmində Şərəfnisə, “Atları yəhərləyin”də Həcər və son filmi olan “Son döyüş” filmində maraqlı obrazlar yaradan, aktrisa Mömünat Qurbanovanın ad günü və anım günüdür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tamaşaçıların sevimli aktrisası Mömünat Qurbanovanı ad günündə böyük sevgi və hörmətlə yad edərək onun xatirəsinə xatirə-yazı ərməğan edib.

M. Qurbanova 8 dekabr 1956-cı ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olub. Orta məktəb illərində fəallığı ilə seçilib, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib və təhsilinə indiki Mədəniyyət və İncəsənət Universitetində davam etdirib.

1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında, Yusif Səmədoğlunun ssenarisi üzrə Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmi, filmdəki yeddi qəhrəmanın obrazını yaradan seçmə aktyorların oyunu Azərbaycan tamaşaçısını heyran etmişdi…

Mömünat Qurbanova da filmə heyran kəsilənlər sırasında yer almışdır, xüsusilə Cəlal rolunu oynayan aktyorun ifası onu valeh etmişdi. Bütün bunların nəticəsidir ki,  o, aktrisa olmaq qərarına gəlir.

1976-cı ildə Mirzə Fətəli Axundovun əsəri əsasında Ədhəm Qulubəyovun yazdığı ssenariyə-“Dərviş Parisi partladır” filminə dövrün görkəmli rejissorları – Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov quruluş verirlər.

Filmin sınaq çəkilişləri zamanı Şərəfnisə rolunun sınağında bir çox aktrisalar sınansa da sonda bu obraz gənc aktrisa Mömünat Qurbanovaya qismət olur.

Yeri gəlmişkən, filmdəki hadisələr XVIII əsrin ikinci yarısında Qarabağda cərəyan edir. Filmdə XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, gənclər biliklərə yiyələnməyə dəvət olunur və təbiətşünaslıq elmi təbliğ edilir.

M.Qurbanovanın kinoya ilk gəlişi “Dərviş Parisi partladır” filmindəki Şərəfnisə obrazı ilə baş verir. Və burada sənətkarlar mühitinə düşür, kinonun möcüzəli dünya olduğuna bir daha əmin olur və ən önəmlisi isə tale, qismət onu Ənvər Həsənovla qarşılaşdırır. İlk tanışlıq xoşbəxt ailə təməlinin bünövrəsini qoymağa şərait yaradır. Bəlkə də ilk filmdən sonra aktrisanın kino həyatı davam edə bilərdi və çox sayda filmlərə çəkilmək imkanı yaranardı. Ancaq xoşbəxt ailəyə sahib olmaq şansını qaçırmamaq üçün kinodakı arzusuna son verir. Sonralar sadəcə iki filmə çəkilir ki, bu da bir çox xahiş-minnətdən sonra baş verir. Yaxşı ki, razılaşır, yoxsa Qaçaq Nəbinin Həcərini tapmaq o qədər də asan olmaya bilərdi…

“Azərbaycanfilm” kinostudiyası 1985-ci ildə Süleyman Rüstəmlə Əhmədağa Muğanlının ssenarisi əsasında Əbdül Mahmudbəyovla Həsənağa Turabovun birgə quruluş verdiyi “Atları yəhərləyin” filmini istehsalata buraxır.

XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Nəbinin həyat yoldaşı, özü qədər cəsur, qorxmaz olan Həcər də həmin dəstədə vuruşurdu.

Film kəskin süjet xətti üzərində qurulub. Belə bir filmdə Həcər rolunda çəkilmək məsuliyyətli olduğu qədər də, çətin idi. Kino sevgisi güclü olan Mömünat Qurbanova bu məsuliyyətin öhdəsindən böyük məharətlə gələ bilir. Baxmayaraq ki, 8-9 illik fasilədən sonra yenidən çəkiliş meydançasına qayıtmışdı. Və bir o qədər fasilədən sonra da son bir filmə, rejissor Xəyyam Aslanın öz ssenarisi əsasında çəkdiyi “Son döyüş”(1996) filminə çəkilir.

Vətənini, ailəsini hər şeydən üstün tutan və pula satılmayan karate üzrə məşhur idmançının başına gələn əhvalatlardan söhbət açan filmdə hadisələr qəhrəmanın təzyiqlərə məruz qalması və qarşılaşdığı çətinliklərə qarşı necə mətin dayanmasından söhbət açır.

Ailə, Vətən sevgisi üzərində qurulan bir filmdə aktrisanın oynaması da elə bu bağlılıqlarla əlaqəli olur. Çünki bütün bu keyfiyyətlər Mömünat Qurbanovada da var idi.

Aktrisa 8 dekabr 1956-cı ildə doğulub və eyni gündə 2008-ci ildə dünyasını dəyişib. Bu da bir tale yazısıdır. Eyni gündə sevinclə kədərin, xeyirlə şərin bir-birinə olan yaxın məsafəsi kimi…

Leave a Reply