Qrip nədir və hansı fəsadlar yarada bilər?

Koronavirusun qriplə oxşar simptomları olduğu üçün pandemiya fonunda insanların daim payız-qış-yaz fəsillərində yoluxaraq keçirdiyi qrip artıq diqqətdən kənarda qalıb, halbuki bu xəstəlik də, vaxtında tədbir görülməsə, ciddi fəsadlar verir. Tarixə nəzər salsaq görərik ki, qripdən insanların öldükləri vaxtlar olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev qrip ilə bağlı ən çox verilən sualları cavablandırıb.

– Qrip nədir?

Qrip, ya da tibbi adıyla influenza, hər il dünyada təxminən 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir.

– Qrip epidemiyaya səbəb ola bilərmi?

– Xəstəliyə səbəb olan influenza virusunun (H 3 N 2 ) quruluşu, asanlıqla dəyişir. Virusun asanlıqla tərkibinin dəyişməsi bizim xəstəliyə hər il yoluxmamızın səbəbidir. Tarixdəki bilinən ən böyük qrip epidemiyalarından biri Birinci Dünya Müharibəsi zamanında qeyd olunan və müharibənin özündən daha çox ölümə səbəb olan İspan Qripidir. 2009 ildə Meksikadan başlayıb dünyaya yayılan ən son pandemiyaya isə H 1 N 1 pndm (Donuz Qripi) virusu səbəb olub.

– Əlamətləri hansılardır?

– Qrip, ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə seyr edilir. İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa bir inkubasiya dövründən sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir. Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishal da rast gəlinir.

– Qrip necə yoluxur?

– Qrip hava-damcı yolu ilə yoluxur. Öskürüb, asqıran xəstə içində çox sayda virus olan damlacıqları ətrafa yayır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa o zaman qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir.

– Qrip peyvəndi nə vaxt vurulmalıdır?

– Qrip hər il oktyabr ayından başlayaraq dekabr ayında artıb, aprel-may ayları da daxil olan vaxtda çox görülür. Bu səbəblə grip peyvəndi hər il Oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər.

 Peyvənd qripin qarşısını almaqda təsirlidirmi?

– Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70%-dən çox hallarda qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir.

Leave a ReplyCancel reply