Zeytunun insan orqanizminə faydası

Zeytun bitkisinin 80-dən çox növü məlumdur. Zeytun dünyanın tropik və subtropik ölkələrində geniş yayılıb. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Ölkəmizdə zeytun istehsalının 65 %-i məhz Abşeronun payına düşür.

TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məqaləsinə istinadən bildirir ki, Azərbaycanda daha geniş yayılan zeytun sortlarına Azərbaycan zeytunu, Şirin zeytun, Qara zeytun, Armudu zeytun, Buzovna zeytunu, Bakı zeytunu, Nikita-1, Nikita-2 və Krımı daxildir.

Zeytunun tərkibi, faydası və müalicəvi xüsusiyyətləri

Zeytun bitkisinin meyvələrinin tərkibi 6 % zülal, 9 % lif, 23 % su, 56 % yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium və qlükozidlərlə zəngindir. Meyvələrin tərkibində olan C və E vitaminləri antioksidant sayılır. Həmçinin yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər. Tərkibindəki vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, həmçinin gümrahlıq verir. Zeytun istehlakı yaşlı insanların sümük toxumasını möhkəmləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Tərkibindəki doymamış yağ turşuları həzm prosesini ləngidir. Belə ki, yeməkdən əvvəl zeytun istehlak etməklə iştahınızı azalda bilərsiniz.

Zeytunun meyvələrindən alınan yağın keyfiyyəti və miqdarı bitkinin sortundan, becərilmə şəraitindən, yetişmə dərəcəsindən, eləcə də emal üsulundan asılıdır. Bitkinin meyvəsindən alınan zeytun yağı üç yerə ayrılır: tibbiyeyinti və texniki zeytun yağı. Tibbi zeytun yağı əsasən trioleindən ibarət rəngsiz və şəffaf yağdır. Zeytun yağının texniki sortu isə sabunbişirmə sənayesində istifadə olunur. Yeyinti zeytun yağı orqanizm üçün olduqca faydalıdır. Tərkibi olein, linol, palmitin və stearin turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif qoxuya və xoş dada malik yağdır. Zeytun yağının soyuq qəlyanaltılara əlavə olunması sağlamlıq üçün olduqca əhəmiyyətlidir.  Zeytun yağının tərkibində olan süzülməmiş yağ turşuları (stearin, olein) qanda xolesterinin miqdarını aşağı düşürərək qocalmanın qarşısının alınmasına müsbət təsir göstərir. Zeytun yağının tərkibində olan antioksidantlar isə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytunun da qida əhəmiyyəti böyükdür.

Zeytun aldıqda nəyə diqqət yetirməliyik

Zeytunun meyvələrinin istehlak dəyəri onun iriliyindən, lətli hissəsinin tumuna nisbətindən asılıdır. Meyvə nə qədər lətli olarsa, bir o qədər qiymətlidir. Ona görə də alarkən kiçik çəyirdəkli zeytunlara üstünlük verilməlidir, çünki bu tip məhsullar təbii yetişdirilmiş sayılır. Keyfiyyətli zeytun təravətli və təzə olmalıdır, rəngi solmuş, büzüşmüş məhsulu almaqdan çəkinməlisiniz.

İstehlakçılar zeytun konservlərini alarkən xüsusilə diqqətli olmalıdırlar. Belə ki, məhsulun qablaşdırılmasına baxmaqla da bir sıra nöqsanları – qapağın şişməsi və ya boşalması, hermetikliyin pozulması və s. müəyyənləşdirmək mümkündür. Etiket üzərindəki məlumatlar da diqqətlə oxunmalıdır. Məlumatların aydın şəkildə yazılmaması, yararlılıq müddətinin göstərilməməsi həmin məhsulun keyfiyyətinə ciddi şübhələr yaradır. Məhsulun özü yoxlanarkən meyvələrin eyniölçülü, ləkəsiz və zədəsiz olmasına, rənginin isə təbii rənginə yaxınlığına, dad-tamının özünəməxsusluğuna diqqət yetirilməlidir. Həmçinin kiflənmə müşahidə edilməməlidir. Konservləşdirilmiş zeytunun keyfiyyəti, dadı, qoxusu düzgün saxlanmadıqda da  dəyişikliyə məruz qala bilir.

Zeytunun saxlama qaydası

Zeytunun meyvəsini təzə halda uzun müddət saxlamaq olmaz. Yığıldığı andan emala verilənə qədər məhsulun saxlanma müddəti belədir: yaşıl zeytun – 18 saat, konservləşdirilmə üçün dərilmiş qara zeytun – 24 saat, yağ istehsalı üçün nəzərdə tutulan qara zeytun – 8 sutka. Həmçinin istər yaşıl, istərsə də qara zeytun örtülü və ventilyasiya edilən otaqlarda 20 C-dən 150 C-dək temperaturda saxlanmalıdır.

Konservləşdirilmiş zeytun ev şəraitində adətən duzlu suda saxlanılır. Bu zaman maye zeytunu tamamilə örtməlidir. Əks halda meyvə tez xarab olacaqdır. Lakin duzlu suda da uzun müddət qaldıqda zeytun boşalır və ya yumşalır. Duzlu su bitki yağı ilə əvəz edilə bilər (az miqdarda zeytun yağı istifadə etmək daha yaxşıdır). Çəki ilə alınmış zeytun soyuducuda və mütləq şüşə qablarda saxlanmalıdır. Zeytuna bir neçə dilim limon və ya limon suyu əlavə edilərsə, şirəsini və təravətini daha yaxşı saxlayar. Zeytun nəm barmaqlarla və ya nəm bıçaqla bankadan çıxarılmamalıdır. Bu halda duzlu suya daxil olan su oksidləşmə prosesini sürətləndirəcək və zeytun tez xarab olacaqdır.

Leave a Reply Cancel reply