Fransız dilində “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabının təqdimatı olub

Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nizami Gəncəvi: qəzəllər və kəlamlar”  (“Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes”) kitabının təqdimatı olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açdı.

Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova Nizami irsinin özəlliklərindən danışarıq təqdim olunan kitab barədə fikirlərini bölüşdülər.

Qeyd olundu ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən söz ustadının ədəbi irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər layihələri həyata keçirilib. Xarici nəşrlərdən biri mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarət kitab layihəsidir.

Bu ilin oktyabrında Fransanın “HÉMISPHÈRES ÉDITIONS / MAISONNEUVE & LAROSE” nəşriyyatı tərəfindən çap olunmuş kitabın redaktorları görkəmli fransalı türkşünas, qafqazşünas alim Remy Dor və Azərbaycan Dillər Universitetinin kafedra müdiri Gülnarə Sadıxova, ön sözün müəllifi NGBM İdarə Heyətinin həmsədri İsmayıl Serageldin, müqəddimənin müəllifi Dünya Verona Şeir Akademiyasının təsisçisi, görkəmli yazar Məhəmməd Nadir Aziza, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında fəslin müəllifi islamşünas alim Kərim İfrak, müasir Azərbaycan miniatürü tərzində çəkilmiş 23 illüstrasiyanın müəllifi isə rəssam Pərinisə Əsgərovadır.

Yeni nəşr Fransada kitab mağazaları, aidiyyəti universitet, kitabxana və şərqşünaslıq mərkəzlərinə, həmçinin “Fnac” və “Amazon” onlayn satış şəbəkələri üzərindən ictimaiyyətə təqdim olunur. “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabı fransızdilli oxucuların böyük Azərbaycan şairinin irsi ilə yaxından tanış olmasına şərait yaradacaq.

Leave a Reply