Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi son zamanlar KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər yer alması məsələsinə münasibətini bildirib.
TIME bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı deyib ki, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır:
“Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır”, – A. Bayramov deyib.
Nazirliyin rəsmisi qeyd edib ki, bədəninin müəyyən orqanı amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir:
“Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar. Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb”, – A. Bayramov deyib.