Ermənistan silahlı qüvvələri təxribat törədib – Yaralananlar var

İki hərbi qulluqçumuz Kəlbəcər və Laçın rayonları sahəsində yaralanıb. Ermənistana məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Hazırda döyüş əməliyyatları davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər,  Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Buna baxmayaraq. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma