Əməkdar memar Rasim Əliyev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat edib.

Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirib.

Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdir. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olub.

Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr verib. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olub. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanıb. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri var. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynayıb.

Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, 1979-cu ildə Əməkdar memar fəxri adını alıb, 1982-ci ildə Dövlət mükafatına layiq görülüb, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilib.

Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma