Yüksək Texnologiyalar Parkının Baş planı təsdiq edilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının Baş plan layihəsində nəzərdə tutulan işlərin icrası istiqamətində mühüm işlər görülür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, AMEA Yüksək Texnologiyalar Parkında yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, dünya standartlarına cavab verən məhsulların hazırlanması və innovativ investisiyalar üçün əlverişli şərait formalaşdırılır.

Texnoparkın mövcud maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə bu yaxınlarda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının istifadəsində olan torpaq sahəsində layihələndirilən 1-5 mərtəbəli qeyri-yaşayış (istehsalat) binalarının şəhərsalma əsaslandırılması – Baş planı təsdiq edilib.

Yüksək Texnologiyalar Parkının Baş plan layihəsinə əsasən, texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili, yüksək keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və ixrac potensialının gücləndirilməsi planlaşdırılır.

Texnoparkın Baş plan layihəsində nəzərdə tutulan işlərin səmərəli təşkili üçün artıq bu istiqamətdə məqsədyönlü işlərə başlanılıb. Park ölkə daxilində, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, ölkə iqtisadiyyatında intellektual məhsulların çəkisinin artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm strateji hədəflərə nail olmaq üçün uğurla irəliləyir.

Belə ki, YT Parkda müəssisələr və rezidentlərlə səmərəli, çevik əlaqələr qurulur, elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar, sahibkarlar, maliyyə donorları və alimlərin birgə fəaliyyətinə dəstək verilir.

Leave a ReplyCancel reply