İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra təməl qoyma mərasimində iştirak ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər çərçivəsində Zəfər Yolunun açılışında, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, şəhər xəstəxanasının təməlini qoyublar və şəhərdə aparılan digər tikinti işlərinin gedişatı ilə tanış olublar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.

Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.

İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.

Daha sonra, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.

Səfər çərçivəsində dövlət başçısı və xanımı Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hər üç məscidin bərpa işləri “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

İşğal dövründə ermənilər Azərbaycanın bu ərazidə əsrlər boyu yaşayan böyük şəxsiyyətlərinin tarixi irsini məhv etməyə çalışıblar. Şuşadan Azərbaycan izinin silinməsi üçün tarixi-mədəni abidələri dağıdaraq milli dəyərlərimizə ciddi ziyan vurublar. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub.

Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.

Sonda dövlət başçısı və xanımı VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər.

Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğuladılar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildirdilər, böyük nailiyyət münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdilər.

Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Azərbaycan Prezidenti bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırdı.

Qonaqlar ermənilərin dağıtdıqları tarixi abidələri və törətdikləri vandalizm aktlarını öz gözləri ilə gördüklərini bildirdilər.

Dövlətimizin başçısı mürəkkəb relyefə malik olan Şuşa şəhərinin Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və şücaəti hesabına azad olunduğunu dedi. Prezident İlham Əliyev Vətən müharibəsindəki Qələbədən sonra Cıdır düzündə bir çox tədbirlərin təşkil olunduğunu, burada musiqi festivallarının keçirildiyini qeyd etdi.

Sonra dövlətimizin başçısı qonaqlarla birlikdə Cıdır düzündə xatirə şəkli çəkdirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma