Yaradıcılığa Zabrat ədəbiyyat dərnəyində başlayan Xalq yazıçısı

Bu gün Azərbaycanın Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Mirzə İbrahimov anadan olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mədəniyyət Nazirliyi “Mədəniyyətimizin simaları” layihəsi çərçivəsində “Mirzə İbrahimov – 110” video çarxı hazırlayıb.

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.

1935–1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Sankt-Peterburqdakı (Leniqrad) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M. İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi — “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün — (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirildi. Həmçinin onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma