Nar necə yetişdirilib saxlanılır və milli mətbəxdə istifadə olunur?

Nar qiymətli, eləcə də iqtisadi cəhətdən əhəmiyyətli subtropik bitkidir. Nar Punica L. cinsinə və Narkimilər fəsiləsinə (Punicaceae Horan.) mənsubdur. Lap qədimdən becərilən nar ağacı adətən 1,5-6 m hündürlükdə olan kol bitkisidir. Narın yetişmə dövrü 180-215 gün, meyvələrin inkişafı isə 120-160 gün arasında davam edir. Bu bitki inkişafının 3-cü ilində meyvə verir. Ağacının ömrü isə 50-70 ildir.

TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) istinadən bildirir ki, narın 500-dən çox sortu məlum olsa da, onların əksəriyyəti hələ də kifayət qədər öyrənilməyib. Azərbaycanın torpaq və təbii iqlim şəraiti narın yetişdirilməsi üçün olduqca əlverişlidir. Torpağa az tələbkar, quraqlığa davamlı bitkidir. Lakin yaxşı boy və məhsul verməsi üçün nar bitkisi rütubət tələb edir. Ümumiyyətlə, havanın normal istiliyi 22-25° C temperatur və torpağın nisbi rütubətliliyi 75-80 % və daha çox olarsa, nar bol və keyfiyyətli məhsul verər. Subtropik meyvə bitkiləri içərisində şaxtaya davamlılığına görə nar Şərq xurmasından sonra ikinci yerdə durur. Nar Azərbaycanın demək olar ki, bütün bölgələrində becərilir. Respublikamızda yüksək keyfiyyətli və məhsuldar nar sortlarından olan Azərbaycan gülöyşəsi və ya Qırmızı gülöyşəÇəhrayı gülöyşəQırmızı qabıqNazik qabıqBala MürsəlŞüvəlan narıŞah narŞirin narQırmızı şirinAğ şirinGöy narZibeydəAçıqdənəAğdənə və s. geniş yayılıb.

Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər (qranadin) və s. hazırlanır. Həmçinin narın şirəsindən milli mətbəximizin dadlı nümunələrindən biri olan narşərab hazırlanır ki, bu da ət və balıq yeməklərinə özünəməxsus ətir və dad verir. Şəki rayonunda nardan hazırlanan nardaşa şərbəti isə plov və kabablara sous kimi əlavə olunur. Narın qabığından alınan rənglərdən isə yun ipliyin, eləcə də parça boyanmasında geniş istifadə edilir.

Nar şirəsinin tərkibində 4,4-21 % şəkər, 0,2-4,5 % limon turşusu, tanin, həmçinin kalsium, kalium, natrium, dəmir, fosfor, manqan, maqnezium və digər elementlərin sulfat və xlor birləşmələri vardır.

Qeyd edək ki, limon turşusunun miqdarına görə nar şirin, turşa-şirin və turş kimi pomoloji sortlara bölünür. Narın şirəsində limon turşusu 0,9 %-ə qədər olanlar şirin, 0,9-dan 1,8 %-ə qədər olanlar isə turşa-şirin sortlara aid edilir. Turş nar sortlarının şirəsində isə limon turşusu 1,8 %-dən yuxarı olur. Ümumiyyətlə, ən yaxşı nar sortlarının meyvəsinin kütləsi 800-1000 qr, orta çəkisi isə 200-400 qr olur. Alimlərin qənaətinə görə, narın 100 qr yeməli hissəsinin enerji dəyəri 52 kkal/218 kC-a uyğundur.

Nar meyvəsini 1-2° C temperaturda və nisbi rütubət 85-90 % olan şəraitdə saxlamaq lazımdır. Qeyd edək ki, saxlanılma müddəti narın yetişməsindən asılıdır. Belə ki, tez yetişən nar sortları 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər saxlanıla bilər.

Leave a Reply