Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Mala Praga” və “Biz-bizə” restoranlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, AQTA pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 2021-ci il oktyabrın 26-da ölkə üzrə 406 ictimai iaşə obyektində 726 monitorinq keçirib.
Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Ə.Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, Babək pr. 56 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting And Managment” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mala Praga” restoranı;
- Bakı şəhəri, Nizami rayonu, Qarayev pr. 39 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Biz-bizə” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.