Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın yaradılır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Komissiya sədrinin müavini Azərbaycan Respublikasının fövqəladə hallar naziri təyin edilir.
Komissiyanın tərkibinə üzv qismində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin, müdafiə nazirinin, iqtisadiyyat nazirinin, səhiyyə nazirinin, daxili işlər nazirinin, maliyyə nazirinin,
təhsil nazirinin, ədliyyə nazirinin, energetika nazirinin, ekologiya və təbii sərvətlər nazirinin, müdafiə sənayesi nazirinin, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti daxildirlər.
Komissiyaya Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi tapşırılıb.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilir.
Sərəncamla müəyyən edilir ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. Sərəncam oktyabrın 23-dən etibarən qüvvədədir.