Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti, İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sammit oktyabrın 29-dək davam edəcək.

Sammitin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-ə üzv ölkələri ortaq mədəni və dini dəyərlərin birləşdirdiyini, ölkəmizin təşkilatda üzvlüyə böyük önəm verdiyini vurğulayıb. Ötən illər ərzində təşkilat çərçivəsində Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə qınanılıb, ölkəmizin haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul edilib. İƏT təkcə siyasi yox, həm də müsəlman ölkələri arasında iqtisadi-ticarət, investisiya, humanitar, elmi-texniki əməkdaşlığı təşviq edir. Bildirilib ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur regionlarının investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır.

Nazir ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, regional infrastruktur layihələri, Ələt Azad İqtisadi Zonası barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, regionun sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi istiqamətində genişmiqyaslı işlər görür. Oktyabrın 26-da Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açıldığını vurğulayan iqtisadiyyat naziri Qarabağın bərpasının böyük iqtisadi önəm kəsb etdiyini, burada geniş regional inteqrasiya imkanlarını qeyd edib. Azərbaycan Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiya cəlb olunmasında maraqlıdır. Hökumətimiz bu bölgəyə hazırda böyük sərmayələr yatırır. İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından faydalanmaq ölkəmizin inkişafına böyük təkan verəcəkdir. Nazir Qarabağ bölgəsinin nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malik olduğunu diqqətə çatdırıb, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin sahibkarlarını azad edilmiş ərazilərimizə sərmayə yatırılmasında, bölgənin dirçəldilməsində fəal iştiraka dəvət edib.

Mikayıl Cabbarov dövlət başçısı tərəfindən təsdiq edilmiş 2030-cu ilədək sosial-inkişafa dair Milli Prioritetlərə əsasən, hazırda 2022-2026-cı illər üzrə ölkəmizin ortamüddətli strateji inkişaf strategeyiasının hazırlandığını və gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, turizm sahəsinə və işğaldan azad edilmiş ərazilərə yeni vergi güzəştlərinin verilməsi məsələsinə baxılacağını diqqətə çatdırıb.

Açılış mərasimində Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF-nin prezidenti Taha Ayhan çıxış ediblər. Malayziyanın sabiq baş naziri Mahatir Mohamad isə sammit iştirakçılarına videomüraciət edib.

Sammitin ilk günü “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan və İƏT ölkələrindən dövlət rəsmilərinin, iş adamlarının və startapçıların iştirakı ilə keçirilmiş panellərdə mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri diqqətə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilir. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələr üzrə startap layihələr təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir. Məlumat üçün bildirək ki, sammit çərçivəsində layihəsini potensial investorlara təqdim etmək üçün ümumilikdə 61 ölkədən 500 startapçı müraciət edib, onların arasından 50 startap seçilib.

Qeyd edək ki, oktyabrın 28-də “İnvestisiya qərarlarında mədəni ölçü”, “Startap layihələrinə investisiya qoyuluşu”, “Davamlı inkişafa nail olmaqda texnoloji investisiyaların rolu” mövzularında panellər təşkil olunacaq, startapların sərgisi davam edəcək. Oktyabrın 29-da isə sammit iştirakçıları Şuşa və Füzuli şəhərlərinə səfər edəcək, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma