Azərbaycan heyvan xəstəlikləri ilə mübarizədə İtaliya təcrübəsindən istifadə edəcək

Azərbaycanla İtaliya arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində anlaşma memorandumu imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə İtaliyanın Eksperimental Zooprofilaktik Abruzzo və Molise “Giuseppe Caporale” İnstitutu (IZSAM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Memoranduma əsasən, iki qurum arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumun əsas məqsədi heyvan sağlamlığının və rifahının təmin olunması, insan və heyvan sağlamlığına təhlükə yarada bilən zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumatların mübadiləsi, qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Həmçinin heyvan mənşəli qida məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun olaraq həyata keçirilməsi, kadrların praktik bacarıqlarının inkişafı və səriştəliliyinin yüksəldilməsi istiqamətində də təcrübə mübadiləsi planlaşdırılır.

Leave a Reply