Bu gün energetiklər günüdür: Qarabağ və Şərqi Zəngəzur necə transformasiya ediləcək?

Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur.

TIME bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan energetikasının növbəti mərhələdə görüləcək işlər haqda bəhs edən müsahibəsində qeyd edib.

Transformasiyanın nadir təcrübəsini tətbiq etmək məqsədi ilə nazirlik Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlayıb.

Nazirin sözlərinə əsasən konsepsiyanın Baş Planı tərtib olunmaqdadır: “Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25%-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən  Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3– /gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir”.

P. Şahbazovun sözlərinə əsasən, zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsət olduğunu qeyd edib: “Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür”.

Nazir “Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə haqda da bəhs edib, bu Laçın  yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir: “Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu”  mərhələsi üzrə işlər davam etdirilir.

Ümumən, “Yaşıl Enerji Zonası”nın yaradılması yalnız enerjinin bərpa olunan enerji mənbələrindən əldə olunmasını deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və “ağıllı” sistemlərdən istifadə edilməsi, kiçik həcmli bərpa olunan enerji həllərinə, enerji səmərəliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması kimi çoxşaxəli məsələləri əhatə edir”.

Müsahibədə qeyd edilib ki, “Yaşıl Enerji Zonası” üzrə nailiyyətlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə energetika sahəsində qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcəkdir. Belə ki, “Yaşıl enerji məkanı” növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Bütün bu istiqamətlər üzrə hədəflərimiz ölkəmizin enerji transformasiyası prosesinə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin etməklə daxil olmasına imkan yaradır. Dünyada yüksək siyasi və maliyyə dəstəyi ilə müşayiət olunan və texnologiyaların sürətli inkişafı ilə təşviq edilən “yaşıl enerji”yə keçid prosesində bərpa olunan enerji mənbələrinin mövqeyi güclənir. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, ötən il dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5%-ə, elektrik enerjisinin istehsalında isə 29%-ə yüksəlib. Beynəlxalq Enerji Agentliyi dünyanın enerji sisteminin “xalis sıfır” emissiyalar cığırı ilə irəliləyəcəyi təqdirdə, 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən, 90%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70%-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır. Avropa və Asiyada hazırkı enerji böhranları bərpa olunan enerji mənbələrinin dayanıqlılığının hələ yüksək olmadığını qabartsa da, ümumi tendensiya, xüsusilə də atmosferə atılan istixana qazları emissiyalarının azaldılmasında əsas həll aləti kimi bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi göstərir ki, dünyanın gələcək enerji mənzərəsini əsasən yaşıl texnologiyalar, həmçinin enerji səmərəliliyi müəyyənləşdirəcək.

Bu aspektdə, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir. Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Leave a Reply Cancel reply