Təhsil müəssisələri onlayn tədrisə keçir?

Son günlər mətbuatda və sosial şəbəkələrdə Bakıda koronavirusa yoluxma hallarının olduğu üçün bir neçə məktəbdə siniflərin bağlanması, Bakı Dövlət Universitetində və Dövlət Texniki Universitetində virusun aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Bu gün isə Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyətinin distant təhsil formasında davam etdirəcəyi ilə bağlı məlumat təqdim edilib.

TIME Trend-in verdiyi məlumata istinadən bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxmasını təsdiq edib.

Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Virusa yoluxma hallarının artması ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətinin əyani formatda bərpa etməsi şəhər yollarında nəqliyyat vasitələrinin sıxlığını artırıb və tıxacların sayı artıb bu isə sərnişinlərin saatlarla yolda qalması və bundan irəli yaranan digər narahatlıqlara səbəb olur.

Nəticə olaraq, cəmiyyətdə artıq təhsilin onlayn formata keçirilməsi ilə bağlı suallar yaranır və şayiələr yayılır.

Qeyd edək ki, sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.

Leave a ReplyCancel reply