Saib Təbrizi – Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri

Bu gün, oktyabrın 8-də, XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri olan Saib Təbrizinin ad günüdür.

Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında “Qələmi şirin” adı ilə tanınmış çox mahir xəttat idi.

Şairin həyatı

XVI əsrin axırlarında I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir.

Saib İsfahana köçəndən sonra da dövrünün tanınmış alimlərindən olan Kaşi və Şəfainin yanında təhsilini davam etdirmişdir. Mükəmməl təhsil almış mütəfəkkir şair az sonra özü də elm və mə`rifət sahibi kimi tanınmağa başlayır.

Onun ilk səfəri Ərəbistana-Məkkə və Mədinə şəhərlərinə olmuş, oradan Türkiyəyə gedib yenidən İsfanaha qayıtmışdır. Bu səfər zamanı Saib o ölkələrin alim, şair və qabaqcıl fikir adamları ilə görüşmüşdür. Bu görüşlər gənc Saibin yaradıcılığına müsbət təsir etdiyi kimi, onun şeirləri də həmin ölkələrin ədəbiyyatına, xüsusilə türk ədəbiyyatına çox böyük təsir göstərmişdir. Məşhur türk alimi, müəllim Hacı yazır ki, Saib Təbrizinin kitabından uzun müddət məktəblərdə dərslik kimi istifadə olunmuşdur.

Saib hələ səfərdə ikən saraya yaxın olan bəzi bədxahlar və məddah şəirlər onu Şah Abbasın gözündən salmağa çalışmışlar. Belə ki, İsfahana qayıdan şair sarayın ona qarşı laqeydliyini və ədəbi mühitin qeyri-səmimiliyini hiss etmiş və yenidən İsfahanı tərk etmək qərarına gəlmişdir. Saib 1625-ci ildə Hindistana köçür. Şair öz narazılığını aşağıdakı beytlərdə belə əks etdirmişdir:

Tez ol, saqi, gətir cami, qızı rəngindədir hər yan,

Payız yarpaqları geysin əlinlə zərli atlasdan.

O qəflət əhli, mümkünmü, dura eşq əhlinə qarşı?

Oyadar xabi-qəflətdən həyatı, başlasa neysan.

Xəyalım gah bu dağda, gah o dağda məskən eylərdi.

Necə qızdırmadan xəstə dəyişər yastığın hər an.

Qiyamət qopsa dünyada o insafsız xəbər tutmaz,

Ona tə`sir edərmi heç bu qəlbin etdiyi əfqan?..

Nə lə`l vardı, nə də gövhər gedəndə İsfahandan sən,

Özünlə şe`r apar Saib, bəzənsin sözlə Hindistan.

Qəzdən göründüyü kimi, şair həm ictimai mühitdən, həm də şahdan narazıdır. Saib özünü “eşq əhli”, yəni həqiqəti, sənəti sevən, hökmdarı isə “qəflət əhli” adlandırır. Qəzəlin axırıncı beytində məlumdur ki, Saib Hindistana hər şeydən əvvəl, incik qəlbini, bir də qiymətli şe`rlərini aparır.

Hindistana gedəndə Saib Təbrizi yolüstü Kabula dönür. Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur “Vərqa və Gülşa” poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun “Divan”ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on “Divan”ı varmış.

Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra – şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.

Saib Təbrizi İran tədqiqatçılarının “İsfahan üslubu” adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın “Hindistan məktəbi”nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. “Qəndəharnamə” poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.

Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.

Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq, “Miratül-camal”, “Arayişe-nigar” və “Vacibül-hifz” adlı toplular təşkil edir.

Saib böyük bir poetik irs qoyub getmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün “Azərbaycanın görkəmli adamları” kitabında yazır ki, o özü Saibin 120 min beytlik “Divan”ını (poemaları daxil olmadan) gözü ilə görüb.

Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.

Saib Təbrizinin yaradıcılığı

Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani, Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Balaş Azəroğlu, tədqiqatçılar Həsən Bicari və Məsiağa Məhəmmədi maraqlanmış və onun irsini tədqiq etmişlər. Saibin yaradıcılığı indi İranda, Hindistanda və Qərbdə də intensiv surətdə tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin istedadını etiraf edir və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər. Məşhur çex alimi Yan Ripka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Akademik Krımskinin dediyinə görə, Saib XVII əsr İran şairlərinin ustadıdır. Akademik Bertels onu öz əsrinin Hafizi sayır. Görkəmli hind alimi Şibli Nemani Saibi İran şerinin son böyük şairi adlandırır. Saibi həm Azərbaycan, həm İran, həm də Hindistan öz şairi hesab edir.

Leave a Reply