Qızılın qiyməti necə dəyişəcək?

Dükanlarda qızılların formaları kimi qiymətləri də fərqlidir. İki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında da canlanmaya səbəb olub.

Trend-in yerli bazarda qızıl satışı ilə məşğul olan iş adamlarının sözlərinə istinadən verdiyi məlumata əsasən, qızılın qiyməti əyarına, çəkisinə, istehsal ölkəsinə, brendinə görə dəyişir. Dükanlarda qızılların formaları kimi qiymətləri də fərqlidir:

“Toyların başlamasıyla qızıl bazarında canlanma hiss olunur. Vətəndaşlarımız nişan və toy üçün əsasən ağ qızıl alırlar. Gündəlik istifadə üçün isə sarı qızıla üstünlük verilir. Qızıl nişan üzükləri oğlan üçün 600 manatdan, qızlar üçün isə 800 manatdan başlayır. Brilyant qaşlı nişan üzükləri isə karatına görə minimum 800 manatdan başlayır. Dəst qızılların qiyməti isə 2000 manatdan başlayır. Ümumiyyətlə, brilyant nə qədər təmizdirsə, böyükdürsə, qiymət bir o qədər artır”.

Qeyd edək ki, qızıl ticarəti ilə məşğul olanlar yaxın gələcək üçün qızılın qiymətinin artmayacağını proqnozlaşdırırlar.

TIME beynəlxalq səviyyəli ekspertlərin proqnozlarına əsasən qeyd edir ki, dünya bazarında 2021-2022 ci illərdə qızılın qiyməti nəinki artmayacaq, hətta mərhələli şəkildə 12%-dək düşəcəyi ehtimalı var. Bu pandemiya nəticəsində bir çoxlarının alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır. Beləliklə, bu ilin sonuna kimi qızılın bir unsiyasının qiyməti dünya bazarında 1700 dollar ətrafında olacağı proqnozlaşdırılır. 2023-cü ilin aprel ayından başlayaraq, növbəti illərdə qızılın qiymətinin mərhələli şəkildə artacağı və 2025-ci ilin sonunda bu artımın 30-35% təşkil edəcəyi proqnozlaşdırılır.

Bunu nəzərə alaraq, demək olar ki, hazırda qızıl almaq üçün ən əlverişli zamandır.

Leave a Reply