Görkəmli tibb aliminin 100 illk yubileyi qeyd olunub

Oktyabrın 6-da görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan tibb elminin və səhiyyəsinin parlaq nümayəndələrindən biri, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Tamerlan Əliyevin məzarının ziyarəti ilə başlanan yubiley tədbiri Azərbaycan Tibb Universitetində “Təbabətin aktual problemləri 2021” beynəlxalq elmi-praktik konqresi ilə davam edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev konqresi giriş sözü ilə açaraq, görkəmli alimin 100 illik xatirə yubileyinin təxminən 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi dogma universitetin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev Əməkdar elm xadiminin ömrünün sonunacan öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, atasının yolunu davam etdirən T. Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb: “1945-ci ildən isə əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrası (indiki daxili xəstəliklər kafedrası) ilə bağlayıb. Tamerlan Əliyev 1945-1948-ci illərdə fakültə terapiyası kafedrasının ordinatoru, 1948-1969-cu illərdə assistenti, 1969-cu ildə isə dosenti vəzifələrində çalışmış, 1970-1990-cı illərdə kafedranın professoru olmuş və kafedraya rəhbərlik etmiş, 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdir”.

O, Tamerlan Əliyevin ömrünün son günlərinədək öz prinsiplərinə, xalqın rifahı naminə fədakar əməyə sadiq qaldığını bildirib: “Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi”.

Çıxışının sonunda Teymur Musayev görkəmli alimin xatirəsini anmağın ən gözəl yolu olan beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıb.

ATU-nun rektoru, professor G.Gəraybəyli qeyd edib ki, hər kəs dünyaya bir dəfə gəlir və həyat tərzi, insanlara münasibəti, gördüyü işlər və əxlaqı ilə öz həyat kitabını yaradır. Məhz bu keyfiyyətlərinə görə bəzi insanlar həyatdan köçən kimi unudulur, bəziləri isə əsrlər boyu yaddaşlara həkk olunur, xatirələrdə yaşayır. Belə şəxsiyyətlərdən biri  də 100 illik yubileyi qeyd olunan böyük alim Tamerlan Əliyevdir.

 Professor G. Gəraybəyli 1921-ci il oktyabr ayının 3-də  Naxçıvan Muxtar Respublikasının Şaxtaxtı kəndində böyük dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin  ailəsində dünyaya göz açan Tamerlanın hələ uşaqlıq illərindən alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə aldlğını diqqətə çatdırıb. Çxışında Tamerlan Əliyevin müharibə illərindəki fəaliyyətinə də toxunan natiq, onun hərbi hospitalda işləyərək, yaralı əsgərlərə tibb xidməti göstərirdiyini söyləyib.

Professor G. Gəraybəyli çıxışında görkəmli alimin çoxşaxəli elmi-tədqiqatlarına da geniş yer ayıraraq, respublikamızda əsası fakültə terapiyası kafedrasının professorları K.Yeqorov və İ.Orucov tərəfindən qoyulmuş tibbi problem – endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən danışıb. Eyni zamanda Tamerlan Əliyevin respublikamızda endokrinologiya və kardiologiya elminin inkişafına təkan verdiyini, 10 ilə yaxın müddət ərzində respublika Endokrinologiya Cəmiyyətinin əvəzsiz sədri olduğunu xatırladıb. Vurğulayıb ki, professor Tamerlan Əliyevin şəxsi iştirakı və səyi nəticəsində 1975-ci ildə 4 N-li Klinik Xəstəxananın bazasında 90 çarpayılıq endokrinoloji şöbə yaradılıb: “O vaxtdan bəri bu şöbədə fakültə terapiyası kafedrasının əməkdaşları şəkərli diabeti olan xəstələrin mərkəzləşdirilmiş formada müalicə və profilaktikasına dair əsaslı elmi işlər aparıblar. Onun fakültə terapiyası kafedrasına rəhbərlik etdiyi dövrdə Bakı şəhərinin müxtəlif klinika və poliklinikalarından, respublikanın rayonlarından və hətta bəzi xarici ölkələrdən (İran, Suriya, Türkiyə) bu kafedraya endokrinologiya sahəsində təkmilləşmə məqsədilə həkimlər ezam edilirdi”.

Çıxışı zamanı T.Əliyevin milli kadrların hazırlanmasında və elmin inkişafında xüsusi rolunu da önə çəkən professor G.Gəraybəyli qeyd edib ki, onun rəhbərliyi altında 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır və onlar hazırda müxtəlif kafedraların rəhbərləri, endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.

Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya və 1 dərsliyin müəllifidir. Bu monoqrafiyaların bir neçəsi xalq təsərrüfatı nailiyyətləri sərgisinin qızıl medalı ilə təltif edilmişdir. Alimin “Endokrinologiya” əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi.

Rektor nitqində professor Tamerlan Əliyevin Azərbaycanda tibb elminin və səhiyyənin inkişafındakı xidmətlərinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini, orden və medallarla, fəxri fərmanlarla təltif edildiyini deyib. Xatırladıb ki, T.Əliyev 1981-ci ildə “Klinik laborator-diaqnostik tədqiqat üsulları” monoqrafiyasına görə, Respublikanın Dövlət Mükafatına layiq görülüb.

Professor Tamerlan Əliyevin Azərbaycanın hüdudlarından kənarda da yaxşı tanındığını, bir çox beynəlxalq miqyaslı  konfrans və simpoziumlarda ölkəmizi layiqincə təmsil etdiyini söyləyən G. Gəraybəyli onun insani xüsusiyyətlərini ayrıca vurğulayıb: “Tamerlan müəllim olduqca sadə, müdrik, qayğıkeş və xoş- xasiyyətli insan idi. Həmişə ona müraciət edənləri səbrlə dinləyər, ehtiyacı olanlara təmənnasız yardım edərdi. Son dərəcə təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyev gəncləri daima elmə həvəsləndirərdi”.

Professor Gəray Gəraybəyli əminliklə bildirib ki, Tamerlan Əliyevin bizlərə qoyub getdiyi elmi irsi, xeyirxah əməlləri yaşayır və yaşayacaq, daim tibb sahəsinin inkişafı üçün təməl rolunu oynayacaq, yeni uğurların bünövrəsi olacaq.

Daha sonra Tamerlan Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov Tamerlan Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini, şəxsi xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onun səmimi, təvazökar, sədaqətli insan olduğunu qeyd edib, tibb elminin müxtəlif sahələrində tədqiqatlar apardığını, nəinki ölkəmizdə, respublikanın hüdudlarından kənarda da tədqiqatçı alim kimi tanındığını diqqətə çatdırıblar. Çıxış edənlər professorun pedaqoq kimi auditoriyalarda maraqlı mühazirələr oxuduğunu, xəstələrə diqqətlə və qayğı ilə yanaşdığını bildiriblər.

Daha sonra Türkiyə Qazi Universitetinin rektoru, professor Musa Yıldız və  Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Martınovun videomüraciətləri dinlənilib.

Görkəmli alimin ailə üzvləri adından çıxış edən akademik Cəmil Əliyev qardaşının xatirəsinə göstərilən böyük ehtirama görə konqresin təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Bununla da açılış mərasimi başa çatıb. ATU-nin III Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun dünya şöhrətli alimin 100 illik xatirə yubileyinə həsr olunmuş “Ləyaqət timsalı” kitabı da konqres iştirakçılarına paylanılıb.

 Qeyd edək ki, 11 beynəlxalq universitet və cəmiyyətlərdən nümayəndələrin qatıldığı konqresin işi üç gün müddətində tibbin və təbabətin aktual problemlərini əhatə edən 32 simpoziumla davam edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma