COVID-19 necə təyin edilir və qan dəyərlərinə necə təsir edir?

COVID-19 pandemiyası dövründə bu virusla bağlı müxtəlif mənbələrdən götürülmüş təsdiqlənmiş və təsdiqlənməmiş bir çox məlumatlar yayılıb və insanlar təcrübəli həkim məsləhətindən daha çox sosial şəbəkələrdə yayılan məlumatlara və xəstəliyi keçirtmiş tanışların tövsiyələrinə uyğun olaraq hərəkət edirlər və bu bir çox problemlər yaradır. Bəzi insanlar özlərində soyuqdəymə əlamətləri hiss etdikdə, nədənsə COVID-19 testi etməkdən öncə kompüter tomoqrafiyası (KT) edirlər, təkcə bir qan analizi ilə xəstə olmadıqlarını hesab edirlər, halbuki virusa yoluxmuşların qan analizləri xəstəliyin ayrı-ayrı dönəmlərində müxtəlif ola bilər. Bundan başqa, insanlar nəzərə almırlar ki, daşıdıqları xroniki xəstəliklərdən asılı olaraq COVID-19 virusunu hər birimiz müxtəlif ssenarilər üzrə keçiririk və sonda bu səhhətimizdə ayrı-ayrı fəsadlar yaradır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy müsahibəsində COVID-19 təyin etmə üsullarından bəhs edərək xəstəliyin ağırlığından, gedişatından asılı olaraq qan dəyərlərinin dəyişdiyini qeyd edib.

– Günümüzdə COVID-19 təyin üsulları hansılardır?

– Yoluxmuş şəxslərin vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental (radioloji) müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir.

Ümumiyyətlə koronavirus infeksiyasının diaqnostikasında bir neçə laborator müayinə metodlarından istifadə olunur. Bunlar aşağıdakılardır:

1. Seroloji testlər: SARS-CoV-2 IgA, SARS-CoV-2 IgM və SARS-CoV-2 IgG

2. Antigen testləri: SARS-CoV-2 antigen

3. Molekulyar testlər: SARS-CoV-2 PZR (PCR)

İnsan hər hansı bir infeksiyaya yoluxduqda orqanizm bu infeksiya ilə mübarizə aparmaq üçün anticisim adlanan müəyyən zülallar sintez etməyə başlayır. Bu anticisimlərin bəziləri şəxsin sağalmasından sonra qanda aylar, illər, hətta ömür boyu qala bilər. Nümunələr laboratoriyada müvafiq reagentlər ilə qanda axtarılan infeksiyaya qarşı yaranmış IgM və IgG anticisimlərinin varlığı təyin edilir. IgM xəstəliyin başlanğıc, IgG isə sağalmadan sonra əmələ gəlir.

Koronavirus infeksiyasında seroloji testlər xəstədən götürülmüş qan nümunəsində təyin edilir və xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonrakı yaranmış immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur. Adətən xəstəliyin kəskin dövründə (hazırda xəstə olma) formalaşan IgM həm nisbətən gec yarandığı (təxminən 10-14 gün) və spesifikliyi az olduğu üçün xəstəliyin müəyyən olunması və təsdiqi üçün geniş istifadə olunmur. Yəni SARS-CoV-2 IgM testinin nəticəsi təkbaşına diaqnozu təsdiqləmək üçün yetərli deyil.

SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Nümunə götürüldükdən sonra nəticə təxminən 1 saat ərzində hazır olduğuna görə bu testlərə sürətli (ekspress) testlər də deyilir. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. İstehsalçıdan asılı olaraq bu testlərin həssaslığı (~təyinetmə qabiliyyəti) 91-98%, spesifikliyi (~dəqiqliyi) isə 98-99% arasında dəyişir. Təyinetmə qabiliyyətinin, etibarlılığının kifayət qədər yüksək olması və tez nəticə alınması bu testlərin geniş istifadəsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrinə görə də bu testlər ilə alınmış pozitiv nəticənin PZR testi ilə təsdiq olunmasına ehtiyac yoxdur (yalnız pandemiyanın pik dövrlərində). Nümunə növünün PZR metodu ilə oxşar olması (hər iki müayinə metodu üçün burun-udlaqdan yaxma götürülür) insanlar bu testi PZR ilə qarışıq salmasına və nəticələrinin də portala salındığını düşünürlər. Lakin analiz verərkən portala yalnız PZR (PCR) testlərinin nəticələrinin salındığını unutmamalıdırlar.

Molekulyar (PZR) üsullar COVID-19-un diaqnostikasında ən geniş istifadə olunan metodlardır. PZR testi üçün də xəstədən burun-udlaqdan və ya əsnəkdən nümunə götürülərək laboratoriyalara göndərilir. Götürülmüş nümunədə polimerazalı zəncirvari reaksiya (PZR) metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə COVID-19 virusunun RNT-si təyin olunur. COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PCR yaxmadır.

Dünyada və ölkəmizdə pandemiyanın idarə olunmasında yalnız bu laborator testlərdən istifadə olunmuş və olunmaqda davam edir. Digər testlər yardımçı və informativ xarakterlidir.

– Bəzi vətəndaşlar yaxma analizi vermədən komputer tomoqrafiya (KT) müayinəsi ilə kifayətlənərək COVID-19 müalicəsi tələb edirlər. KT müayinəsindəki buzlu şüşə görüntüsü COVID-19-un təyini üçün kifayətdirmi?

– Bildirmək istəyirəm ki, KT müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir. Digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir. Sadəcə günümüzdə pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir. Mikrobioloji olaraq bir virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır. Əks halda bir infeksion xəstəliyin diaqnozu təsdiqlənmiş sayılmır.

– COVID-19 müalicəsində hansı qan dəyərləri nəzarətdə saxlanılmalıdır?

– Qan dəyərləri xəstəliyin ağırlığından, gedişatından asılı olaraq dəyişir. Hazırda ÜST-nin tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır. Bura qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma dəyərləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir.

Hər birimizin sağlamlığı üçün vaksinasiya günümüzdə şərtdir. Pandemiyaya son qoymaq və normal həyatımızı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma