“HundrED” qlobal təhsil təşkilatının rəhbəri “Yeni çağırışlar”da

9 sentyabr saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen olacaq. Saku Tuominen ilə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “HundrED” qlobal təhsil təşkilatı hər il dünyada 100 ən ilhamverici və innovativ ideyanı araşdırıb paylaşır. Genişmiqyaslı innovasiyaların tətbiq edilməsində köməklik göstərərək məktəblərin inkişafına töhfə verir. Saku Tuominen “Yaradıcı zəka”, “Yaradıcılığın ABC-si”, “Yaxşı həyat”, “İdeyalar necə meydana çıxır?”, “Məktəb tətilləri”, “İş dəftəri” və bir sıra başqa kitabların müəllifi və ya həmmüəllifidir. 1989-cu ildən Finlandiyada uğurlu televiziya proqramları istehsal edən “Brodkaster” şirkətinin əsasını qoyanlardan biridir.

2009-2010-cu illərdə Londonda yerləşən dünyanın 3-cü ən böyük televiziya şirkəti “Zodiac Entertainment”in baş kreativ direktoru olub. Televiziya sahəsində 20 illik təcrübəsi ilə çox sayda layihənin və verilişin müəllifi olub. 2009-cu ildə yeni ideyalar istehsal edən “İdealist group”u yaradıb. Şirkətin əsas hədəfi hərtərəfli planlanmış güclü ideyalarla dünyanı dəyişməkdir. Bununla yanaşı, Helsinkidə yerləşən “Financier Group” restoranlar şəbəkəsinin və rəqəmsal restoran bələdçisi “World Of Mouth”-un həmtəsisçisi və kreativ direktorudur. Aalto Universitetində yaradıcılıq və innovasiya mövzusunda dərs deyir. 2021-ci ildə “İlin natiqi” adına layiq görülüb.

Leave a Reply