Qlüten insan orqanizminə nə dərəcədə zərərlidir?

Qlüten təbii olaraq buğda, arpa və çovdar kimi bəzi taxıl dənlərində rast gəlinən, formal olaraq isə prolaminlər kimi tanınan bitki zülalıdır. Yapışqan maddə xüsusiyyətini daşıyan qlüten qidada əlaqəli elastik kütlə əmələ gətirir. Məsələn, qlüten olmadan xəmir asanlıqla parçalanar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qlüten bir çox fərqli prolaminlərdən ibarətdir. Prolaminlər isə hər taxıl məhsulunda fərqlidir: buğdada qlütenin və qliadin, çovdarda sekalin, arpada hordein və s.

Qlüten qidaların yumşaq, elastik və məsaməli olmasını təmin edir. Qızdırıldıqda qlüten zülalları qazları uzada və tuta bilən elastik bir şəbəkə meydana gətirir ki, bu da çörək, makaron və digər bu kimi məhsullarda nəmin optimallaşmasına və ya yüksəlməsinə, eyni zamanda saxlanmasına imkan verir. Buğda tərkibli qidalar qlütenlə daha çox zəngindir.

Qlüten həmçinin prebiotik rolunu oynayaraq orqanizmdəki “yaxşı” bakteriyaları bəsləyir. Arabinoksilan oligosakkarid buğda kəpəyindən alınan, koloniyada bifidobakteriyaların aktivliyini stimullaşdırdığı göstərilən bir prebiotik karbohidratdır. Bu bakteriyalar əslində sağlam insan bağırsağında olur. Lakin miqdarı və ya fəaliyyətindəki dəyişikliklər bir sıra mədə-bağırsaq xəstəliklərinə yol açır.

Qlütenə qarşı reaksiya çölyak xəstəliyi şəklində ortaya çıxa bilər. Qeyd edək ki, çölyak xəstəliyi qlüten tərkibli qidaların istehlakı zamanı immun sistemin nazik bağırsaq hüceyrələrinə hücum etdiyi ciddi bir avtoimmun vəziyyətdir. Bu xəstəliyə əhalinin təxminən bir faizində rast gəlinir. Bir çox digər avtoimmun vəziyyət kimi çölyak xəstəliyinin də dəqiq səbəbi hələ aydın deyil, lakin genetik olduğuna dair ciddi dəlillər vardır. Çölyak xəstəliyinə qarşı dərmanlarla müalicə hazırda araşdırılır, lakin ən çox qəbul edilən və istifadə olunan müalicə qlütensiz bir pəhrizdir.

Çölyak xəstəliyinin simptomları uşaqlarda və böyüklərdə fərqli ola bilər. Belə ki, çölyak xəstəliyi yetkinlərdə ishal, yorğunluq, çəki itirmək, şişkinlik və qaz, qarın ağrısı, bulantı və qusma, qəbizlik kimi əlamətlərlə özünü büruzə verir. Çölyak xəstəliyi olan yetkinlərin əksəriyyətində həzm sistemi ilə əlaqəli olmayan əlamətlər də müşahidə edilir:

– Dəmir çatışmazlığından qaynaqlanan anemiya

– Sümük sıxlığının itirilməsi (osteoporoz) və ya sümük yumşalması (osteomalyasiya)

– Qaşıntılı, qabarıq dəri döküntüsü (dermatit herpetiformis)

– Ağız yaraları

– Baş ağrısı və yorğunluq

– Oynaq ağrısı

– Dalağın fəaliyyətinin azalması (hiposplenizm)

Uşaqlarda isə çölyak xəstəliyi qusma, xroniki ishal, şişmiş qarın, qəbizlik, qaz və s. əlamətlərlə özünü büruzə verir. Həmçinin qida maddələri kifayət qədər sorulmadığı halda orqanizmdə bir çox fəsadlar yaranır:

– Körpələrdə inkişaf yetərsizliyi

– Diş minasının zədələnməsi

– Çəki itirmək

– Anemiya

– Qıcıqlanma

– Qısa boy

– Gecikmiş yetkinlik

Diqqət çatışmazlığı/hiperaktiv pozuntu, öyrənmə qüsurları, baş ağrısı, əzələ koordinasiyasının olmaması və qıcolmalar daxil olmaqla nevroloji simptomlar

Çölyak olmayan qlüten həssaslığı isə çölyak xəstəliyi və ya buğda allergiyasında müsbət test nəticəsi verməyən insanların pəhrizindən qlüten xaric edildiyi zaman aradan qalxan bir neçə mənfi simptomları əhatə edir. Çölyak olmayan qlüten həssaslığı zamanı qlütenlə zəngin taxılları qida rasionundan çıxarmaq lazımdır.

Bir sıra tədqiqatlar nəticəsində sübut olunub ki, qlütensiz bir pəhriz heç də sağlam qidalanma anlamına gəlmir. Məsələn: 2017-ci ildə 100 mindən çox çölyak xəstəliyi olmayan insan üzərində aparılmış araşdırmanın nəticəsinə görə, bu tip qidaların ürək-damar xəstəliklərinə risk amili olmadığı qənaətinə gəlinib. Əksinə olaraq, tədqiqatçılar müəyyən ediblər ki, uzun müddət tam taxıllı qidaların istehlakının azaldılması ürək-damar xəstəliklərinin yaranması riskini artırır. Taxıllı qidaların istehlakının sağlamlığa təsiri ilə bağlı aparılmış digər tədqiqatların da nəticəsinə görə, buğda daxil olmaqla, bu cür məhsulları az miqdarda (gündəlik 2 porsiyadan az) istehlak edənlərlə müqayisədə daha çox qəbul edən insanlarda (gündə 2-3 porsiya) xüsusən də ürək-damar xəstəliklərinin,  2-ci növ şəkərli diabetin inkişaf riski xeyli aşağı olub.

Buğda allergiyası isə yalnız qlüten zülalına deyil, buğdanın özünə qarşı olan dözümsüzlükdür. Bu zaman buğda tərkibli qidaların istehlakından çəkinmək lazımdır. Lakin arpa və ya çovdar kimi buğda olmayan mənbələrdən təhlükəsiz şəkildə istifadə edilə bilər.

Qlüten dözümsüzlüyünün simptomları şəxsdən asılı olaraq fərqli şəkildə özünü göstərə bilər. Qlüten dözümsüzlüyü səbəbindən ola biləcək mümkün simptomlar genişdir və hər zaman intuitiv deyildir. Bəzi insanlarda heç aşkar əlamətlər belə olmur. Bu, çölyak xəstəliyi və ya çölyak olmayan qlüten həssaslığının müalicə olunmamasının və ya səhv diaqnoz qoyulmasının əsas səbəbidir. Qlüten dözümsüzlüyünün simptomları özünü aşağıdakı şəkildə göstərir:

– Həzm problemləri: ishal, şişkinlik, qarın ağrısı, qəbizlik, həzm toxumasının iltihabı

– Dəri problemləri: səpmə, ekzema, dəri iltihabı

– Nevroloji hallar: yorğunluq, narahatlıq, uyuşma, depressiya, diqqət çatışmazlığı, danışmaqda çətinlik

– Digər: çəki itkisi, osteoporoz, baş ağrısı, anemiya və s.

Qeyd edək ki, qlüten dözümsüzlüyünün əlamətləri hiss edildiyi təqdirdə mütləq həkimlə məsləhətləşmək lazımdır. Belə ki, qlüten dözümsüzlüyü kimi görünən bəzi simptomlar tamamilə başqa səbəbdən də baş vermiş ola bilər. Yalnız dəqiq diaqnoz qoyulduqdan sonra qlütensiz qidalanma tətbiq edilməlidir.

Qlüten yalnız taxıl bitkilərinin tərkibində deyil, eyni zamanda içkilərdə və bir sıra qidalarda da mövcuddur. Tərkibində qlüten olan dənlərə daxildir:

– buğda

– çovdar

– arpa

– buğda və çovdar hibridi olan triticale

– tez-tez ət əvəzi kimi istifadə olunan seitan

– buğda növləri və törəmələri (bulqur, buğda kəpəyi, buğda nişastası, buğda cücərtisi və s.)

Adətən qlüten ehtiva edən qidalara isə aiddir:

– müxtəlif növ çörəklər (simitlər, pide və s.)

– makaron və digər makaron tipli məhsullar

– tort, kreker və peçenyelər

– piroq və kekslər

– bəzi səhər yeməyi yarmaları

– bir çox ət əvəzediciləri

– pivə mayası

– kartof qızartması

– bulyon və souslar

– işlənmiş ətlər və s.

Pivə, desert şərabları və digər alkoqollu içkilərin də tərkibində qlütenə rast gəlinir. Həmçinin dərman və bitki əlavələri kimi qeyri-ərzaq məhsullarında da qlüten mövcuddur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma