Azərbaycanda hansı göz problemləri insanları narahat edir?

8 avqust – Beynəlxalq Oftalmologiya Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını 2004-cü ildən etibarən peşə bayramlarını rəsmi qeyd edirlər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Beynəlxalq Gün ərəfəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov müsahibədə ölkədə ən çox yayılan göz xəstəliklərindən danışıb.

Ölkədə daha çox hansı göz problemləri ilə bağlı müraciətlərin sayı çoxdur?

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Masallı, Gəncə, Şəki filialları daxil olmaqla, refraksiya anomaliyaları (26,4%), büllurun patologiyası – katarakta (15,3%), infeksion və iltihabi xəstəliklərı (14,4%), buynuz qişanın müxtəlif patologiyaları (keratokonus, bulanmalar və s.) (9,8%), görmə üzvünün müxtəlif zədələri (8,4%), qlaukoma (4,6%), presbiopiya (3,7%), görmə sinirinın və torlu qişanın müxtəlif patologiyları (3,3%), şəkərli diabetin fəsadları (2,7%) göz problemlərindən müraciətlərin sayı çoxluq təşkil edir.

Göz təzyiqi daha çox hansı vətəndaşlarda rast gəlinir və riski artıran faktorlar hansılardır?

Gözdaxili təzyiqinin yüksəlməsi daha çox yaşlı olan vətəndaşlarda rast gəlinir. Lakin, gözdaxili təzyiqin yüksəlmə səviyyəsi fərdi olaraq, hər bir şəxsdə müxtəlifdir və görmə sinirinin zədələnməsinə yüksək risk amilidir, qlaukoma xəstəliyinın səbəblərindən biridir. Qlaukoma xəstəliyi bütün yaş dövrlərində, o cümlədən, anadangəlmə də rast gəlinir, lakin, əsasən orta və yuxarı yaşlı vətəndaşlarda daha çox müşahidə olunur. Əslində 40 yaşından yuxarı olan hər bir şəxsin ildə ən azı bir dəfə gözdaxili təzyiqi, göz dibi yoxlanılmalıdır.

Qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran bir neçə risk amilləri mövcuddur. Onlardan biri də elmi araşdırmalara əsasən, 40 yaşından yuxarı olan yaş dövrünün artması ilə qlaukomanın əmələ gəlmə riskinin də eyni zamanda artmasıdır. Qlaukomanın risk amillərindən irsi faktoru diqqətə alınmalıdır. Belə ki, yaxın qohumlarda qlaukomanın olması xəstəliyin əmələ gəlmə riskini artırır. Risk amili kimi bəzi dərman və hormonal preparatların uzun müddətli istifadəsi diqqətdən kənar qalmamalıdır. Yaşla bağlı patologiyalar sırasında somatik xəstəliklər, o cümlədən ürək-damar patologiyası, endokrin sisteminin xəstəlikləri, böyrək patologiyası və s. qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran risk amilləri kimi qeyd edilir.

Çəpgözlülük əməliyyatı necə edilir və bu əməliyyat kimlərə əks göstəriş sayıla bilər?

Çəpgözlük patologiyası ən çox uşaq yaşlarında rast gəlinir, bir sıra üsullarla effektiv müalicə olunur. Çəpgözlük göz qüsuru olaraq, müştərək və paralitik formalarda müəyyən olunur. Müalicəsi nə qədər tez başlanarsa, bir o qədər effektiv olar. Hər bir pasiyentin müalicə taktikası individual seçilir. Yanaşı ortoptik-diploptik, müxtəlif kompüter proqramların, əks olunan lazer radiasiyasının və s. metodikaların istifadəsi, yüksək effektə nail olmağa imkan yaradır.

Əməliyyatlara əks göstəriş əsasən orqanik dəyişikliklər, psixi xəstəliklərin olması sayıla bilər.

Görmə zəifliyinin bərpa əməliyyatları hamıya edilə bilərmi?

Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Lakin, ən çox rast gəlinən müxtəlif refraksiya anomaliyaları səbəblərindən yaranan görmə zəifliyinin cərrahi bərpası müasir oftalmologiyanın ən böyük nailiyyətlərindən biri sayıla bilər. Görmə zəifliyinin bərpa əməliyyatları, yəni refraktiv əməliyyatlar, müxtəlifdir (eksimer lazer cərrahi əməliyyatları, fotorefraktiv keratoektomia, Lasik, Femtolasik və s.). Onların seçimi bir neçə amildən asılıdır. İlk növbədə əməliyyatın seçimində buynuz qişanın qalınlığı, topoqrafik parametrləri, requlyarlığı həlledici əhəmiyyətə malikdir. Lakin, əgər buynuz qişanın parametrləri xəstənin refraktiv rəqəmlərini eksimer lazer üsulu ilə aradan götürməyə imkan vermirsə, üstünlük gözdaxili əməliyyatlara verilir.

Beləliklə, görmə zəifliyinin bərpa əməliyyatları gözün strukturlarında, görmə sinirində olan patoloji dəyişiklikləri istisna olmaqla, əksəriyyət hallarda görmə zəifliyinin bərpasına imkan yaradır.

Diabet və yüksək təzyiq yanaşı görmə problemlərinə səbəb ola bilərmi?

Diabet və yüksək təzyiq (hipertoniya xəstəliyi) sözsüz ki, görmə problemlərinə, əsasən görmə zəifliyinin əmələ gəlməsinə səbəb ola bilər. Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər, lakin müasir diaqnostik üsulları, optimal müalicə seçimi onların profilaktikasına zəmin yaradır.

Vətən müharibəsi iştirakçıları Mərkəzə daha çox hansı şikayətlərlə müraciət ediblər? Onlara hansı xidmətlər göstərilib?

Vətən müharibəsinin birinci günündən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Gəncə və Masallı filiallarının, həmçinin mərkəzin Dəmiryol Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar. Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlər ilə müraciət ediblər. Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi.

Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi.

Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələri) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub.

150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb.

Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib.

Müharibədən sonrakı dövrdə Mərkəzin Səyyar Avtomobil klinikasının yüksək səviyyəli oftalmoloji briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Bu cür aksiyalar mütamadi olaraq Respublikanın əksər rayonlarında aparılacaq

Leave a ReplyCancel reply