Təhsil naziri Emin Əmrullayev canlı yayımda 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir orta məktəblərin açılıb-açılmayacağı ilə bağlı suala cavab verib: “Bununla bağlı danışmaq hələ tezdir. Çalışacağıq ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat verək”.
Nazir Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində musiqi və təsviri incəsənət fənləri üzrə daha çox vakansiyalar təqdim olunur: “Növbəti ildə ümumilikdə MİQ vasitəsilə bütün fənlər üzrə 5-7 min vakansiyanın təqdim olunması nəzərdə tutulur” – deyə E.Əmrullayev qeyd edib.
O, əlavə edib ki, növbəti il eyni zamanda 1 533 müəllimin təqaüdə çıxması planlaşdırılır.
Təhsil naziri onuda qeyd edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat və ingilis dili fənni üzrə imtahanlar nisbətən çətin olub: “Bu, heç də həmin müəllimlərin digərlərindən daha az savadlı olduğunu göstərmir. Həm riyaziyyat, həm də ingilis dili müəllimləri üçün ballar nisbətən zəif olubsa, bu, verilən vaxtla bağlı ola bilər”.
E. Əmrullayev müəllimlərin dərs saatlarının azaldılmasını düzgün hesab etmir: “Dərs saatlarını azaltmaqla daha çox müəllimi işə cəlb etməyi düzgün hesab etmirik. Müəllim çalışırsa, azı 18 saat dərsi olmalıdır ki, normal əməkhaqqı ala bilsin. Təəssüf ki, bu gün dərs saatları az olan müəllimlərin sayı da az deyil”, – deyə nazir bildirib.
Təhsil nazirinin sözlərinə əsasən, müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır:
“Bu mümkün deyil. Azərbaycanda kənd məktəblərinin sayı kifayət qədərdir və həmin məktəblərə müəllimlər göndərmək lazımdır. Başa düşürəm, istəyirsiniz ki, yaşadığınız yerə yaxın məktəblərdə işləyəsiniz, ancaq bizi də başa düşmək lazımdır ki, kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanım müəllimlərin ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər də yaranır”.
Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarının test nəticələrinə görə, kimya, rus dili, musiqi, təsviri incəsənət, Azərbaycan dili (rus bölməsi), coğrafiya, informatika, fiziki tərbiyə, ingilis dili fənləri üzrə elan etdiyi vakant yerlər tam dolmayıb: “Təhsil Nazirliyinin yanaşması ondan ibarətdir ki, namizəd 30 baldan yuxarı yığıbsa, müəllim kimi işləyə bilər. Ondan az olanları seçimə buraxmırıq. Düşünmürəm ki, testlər çətin olub. Həmin şəxslərə hazırlaşıb gələn il imtahanda iştirak etməyi tövsiyə edirik”, – deyə nazir qeyd edib.