Azərbaycan Türkiyədə baş verən yanğınları söndürməyə heyət göndərir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları yaxın saatlarda Türkiyə Respublikasına yola düşəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.

Qeyd edək ki, iki gündür ki ölkənin cənub bölgələrində davam edən yanğınlarda 63 yanğından 43 -ü söndürülüb.

Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında etdiyi paylaşımda “Dövlətimiz Meşələrimiz Üçün Səfərbərdir”, – deyə yazıb və paylaşdığı görüntüyə meşə yanğınlarına müdaxilə etmək üçün istifadə olunan maşın və işçi qüvvəsinin sayını daxil edib: “Aidiyyətli qurum və təşkilatlar 4 minə yaxın personal, yüzlərlə vasitə və avadanlıq ilə 21 vilayətimizdə meşə yanğınlarına qarşı havadan və qurudan müdaxilə edir”.

F.Altun hazırda aktiv olan yanğınların nəzarət altında olduğunu və söndürmə işlərinin həssaslıqla davam etdiyini vurğulayıb.

Leave a Reply