Dövlət İmtahan Mərkəzi (DİM) Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I və IV ixtisas qrupu üzrə iyulun 28-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını ictimaiyyətə təqdim edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:
I ixtisas qrupu (Azərbaycan bölməsi);
I ixtisas qrupu (rus bölməsi);
IV ixtisas qrupu (Azərbaycan bölməsi);
IV ixtisas qrupu (rus bölməsi).
İmtahanlar 22 şəhər və rayonda təşkil olunub. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.
10 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İyulun 29-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.