Uşağı diləndirənlərin valideyn hüquqları məhdudlaşdırıla bilər

Azyaşlıların valideynləri tərəfindən diləndirilməsi və antisanitar şəraitdə saxlanılması faktı ilə əlaqədar olaraq Baş Prokurorluq valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə məlumatlar yayılmışdır.
Qeyd edilənlənlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilmişdir.  
Bundan başqa, CTKİ-də  daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır.
Yoxlama zamanı  valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilmişdir.
Mülki-prosessual və ailə qanunvericiliyinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılmışdır.
Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Leave a Reply