Azərbaycan alimi Beynəlxalq İdeya Müəllifi siyahısına daxil oldu

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərovun aşırı piylənmənin müalicəsində kəşf etdiyi cərrahiyyə metodu növbəti dəfə dünya səviyyəli patentə layiq görülüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, T.Ömərova məxsus Laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası  -“Aşırı piylənməsi olan xəstələrdə Bariatrik-Metabolik cərrahi müalicənin optimallaşdırılması” bu dəfə  Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib.

(https://patentscope.wipo.int/search/en/detail.jsf?docId=WO2018218315&tab=PCTBIBLIO&_cid=P21-KQTE71-31631-1 )

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. Azərbaycanlı cərrahın metoduna əsasən, laparoskopik üsulla bariatrik cərrahiyyə əməliyyatı zamanı mədənin boylama rezeksiyası digər standart metoddan fərqli olaraq, daha kiçik həcmli formalaşdırılır- mədə daxilinə yerləşdirilmiş 32 fr (yəni 11 mm diametrində kalibrasiya borusu ətrafında, pilortik sfinktordan maksimum  2 sm kənardan başlamaqla böyük əyrilik boyunca rezeksiya olunur. Bu zaman baş verə biləcək fəsadların qarşısını almaq üçün isə ikinci xüsusi metod tətbiq edərək rezeksiya xəttinə mədənin böyük əyriliyindən diseksiya olunaraq ayrılmış mədə omentumu yenidən alt və üst seroz qatlardan  keçməklə tikilməklə, həmin nahiyə gücləndirilir. Nəticədə isə anatomiya və fiziologiya qoruyucu yeni bir metod formalaşır. Pasiyentlər daha uzun müddət arıqlaya bilirlər və eyni zamanda arıqlama prosesi daha uzun illər boyunca qalıcı olur.

Digər bariatrik metabolik cərrahi metodlarla müqayisədə yeni modifikasiyanın hər hansı bir əlavə təsirləri yoxdur. Doktor T.Ömərov qeyd edir ki, bu metod  xüsusi standart göstərişlər əsasında tətbiq olunmalıdır. Bu metodun tətbiq olunması ilə ölkəmizdə də son illərdə çəkisi 170 kq-247 kq arasında olan onlarla pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatıdır. Mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən bu qurum  əqli mülkiyyət sahəsində ən önəmli beynəlxalq konvensiyaların idarəçiliyi ilə məşğuldur. Hazırda 193 ölkə WIPO-nun üzvüdür.  Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür.

Leave a Reply