Sabah bəzi yollar bağlı olacaq – SİYAHI

AVRO 2020 futbol üzrə çempionat çərçivəsində Bakıda keçiriləcək sonuncu futbol qarşılaşması ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, “Böyük Şor” bulvarı, “Atletlər kəndi” istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı “Asan Xidmət”in yanından Xəlil Rza Ulutürk küçəsi, “Atletlər kəndi” ətrafı, “Böyük Şor” bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar:

“Qeyd edək ki, həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər. Sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrindən istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədər olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun “Qara Qarayev” stansiyasının, eləcə də “Səməd Vurğun” bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq”

Leave a Reply