Ərdoğan: Qarabağ zəfərinin gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Türkiyə Prezidenti Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olduğundan məmnunluğunu qeyd edib.

“Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.Türkiyə Prezdenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.

O qeyd edib ki, işğaldan azad olunan ərazilər yenidən inşa edilərək yeni bir Qarabağ ərsəyə gətiriləcək.

Türkiyə Prezidenti Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənləri, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanları gəlib Füzulini, Qarabağı görməyə çağırıb: “Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik”.

Onun sözlərinə əsasən, Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır: “Cıdır düzündə təşkil edilən Xarıbülbül festifalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı. Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olacağını görməkdən məmnun olarıq”.

Ərdoğan bildirib ki, Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub: “Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Nətəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır. Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, Şuşa, Qarabağ deyil, türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

Türkiyə Prezidenti bildirib ki, Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq: “Bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir. Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik”.

O qeyd edib ki, Zəngəzur dəhlizindən ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər, onlar özləri də özlərini nə qədər əngəllədiyini görəcəklər: “Regionda yeni altılıq əməkdaşlıq platforması imkanları yaranıb. Gürcüstanın bəzi sualları var idi və mən Gürcüstanın baş nazirinin son səfəri zamanı ona bunun faydalarını izah etdim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu etməliyik. Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdıqca biz də lazımi addımlar atacağıq. Türkiyənın Ermənistana faydaları saydıqca bitməz”.

Leave a ReplyCancel reply