Azərbaycan Prezidenti Füzuli səfəri çərçivəsində yeni obyektlərin təməlini qoyub və açılışında iştirak edib – YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərdədirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda bir sıra strateji əhəmiyyət daşıyan layihənin icrası üzrə aparılan işlərlə tanış olublar, yeni tunelin təməlini qoyublar və yeni yarımstansiyanın açılışında iştirak ediblər.

Belə ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar, daha sonra onlar rayondakı Aşağı Köndələnçay su anbarında olublar və onun texniki göstəriciləri barədə məlumat alıblar.

Bildirildi ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident İlham Əliyev dedi:

-Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız – bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır.

Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir.

Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Dövlət başçısı xanımı ilə birlikdə yeni tikilən 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı “Füzuli” yarımstansiyasını işə saldı.

Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.

Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub. Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Səfər çərçivəsində Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.

Leave a Reply