15 iyun – Milli Qurtuluş Günü ictimai nəqliyyat işləyəcək

15 İyun – Milli Qurtuluş Günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri və Bakı metropoliteni üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Trend-in verdiyi məlumata əsasən, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildiriblər.

Mais Ağayevi qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bəxtiyar Məmmədov bildirib ki, 15 iyun metronun fəaliyyətinin dayandırılması ilə bağlı heç bir qərar olmayıb: “Ümumilikdə iyun ayı ərzində metro stansiyaları hər gün səhər saat 06:00-dan 00:00-dək fəaliyyətini davam etdirəcək. İyun ayının 16-da isə futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək növbəti oyunu ilə əlaqədar azarkeşlərin vaxtında mənzil başına çatdırılması üçün Bakı metropoliteninin stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək”.

Leave a Reply