Şuşa məscidlərində bərpa işləri davam edir – VİDEO

Heydər Əliyev Fondu Şuşada daha üç məscidin bərpa-təmir işlərini aparır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu memar Kərbəlayi Səfixan Qarabağinın yaratdığı Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləridir. Hazırda hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də erməni vandalizminin qurbanı olublar.

Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Sözügedən məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa ediləcək.

İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilib, dağıntılara məruz qalıb.

Leave a Reply Cancel reply