Sabahdan etibarən daha bir avtobus marşrutu BakıKart – nağdsız ödəniş sisteminə keçəcək.
TIME Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmi məlumatına istinadən bildirir ki, iyunun 1-dən etibarən 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – Gənclik m/s ) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə Gülməmməd Ramazanov küç., Mərkəz Binəqədi, Binəqədi 2ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr.104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı OBA marketlərdə BakıKart balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
BNA-nın verdiyi digər xəbərə əsasən, bu gündən etibarən Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.
“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti 31.05.2021-ci il tarixindən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcəkdir. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək.
Yeni marşrut xəttinin təşkili ilə 14000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.