Teymur Rəcəbov pley-offa vəsiqə qazanıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son partiyaları oynanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yarışda iştirak edən şahmatçımız Teymur Rəcəbov ilk qarşılaşmada niderlandlı Aniş Giriyə uduzub. Sonrakı turda rəqibi çinli Liren Dinqə qalib gələn şahmatçımız növbəti partiyalarda rusiyalı şahmatçılar Aleksandr Qrişuk, Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə üz-üzə gələn təmsilçimiz bu qarşılaşmada məğlub olub.

Şəhriyar Məmmədyarov isə ilk qarşılaşmada argentinalı Alan Piçota qalib gəlib. Sonrakı turlarda Aniş Giri, Liren Dinq, Aleksandr Qrişuk ilə heç-heçə etsə də, son turda Daniil Dubova uduzub.

Şahmatçımız Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsinin yekunlarına görə, ilk səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblar.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində Bitkoin bonus olacaq.
 Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

Leave a Reply Cancel reply