Azərbaycan Prezidenti: Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik – CANLI

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edir.

Dövlət başçısı müzakirələr çərçivəsində çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə bir aktual mövzuda müzakirələr təşkil etməsi təqdirəlayiq olduğunu qeyd edib: “Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aparıcı qurumlarından birinə çevrilib. Onun fəaliyyəti dünyada sülhün, sabitliyin və ədalətin təmin olunmasına yönəlib. Təşkilatın bu dəyərlərin təşviq olunması baxımından zəngin təcrübəsi var”.

O, deyni zamnada, İkinci Qarabağ müharibəsinin regionda vəziyyəti əsaslı şəkildə dəyişdiyini bildirib: “Cənubi Qafqazda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir. Bu, çox vacib mövzudur. İkinci Qarabağ müharibəsi vəziyyəti əsaslı şəkildə dəyişib. İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.

“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan bir sıra vacib təklif və təşəbbüslərlə çıxış edib: “Həmin təklif və təşəbbüslər 10 noyabr 2020-ci il birgə bəyanatında öz əksini tapıb. Bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq”.

Azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazır olduğunu qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, münaqişə başa çatdıqdan sonra, Azərbaycan münaqişəni həll etdikdən sonra, gələcəyə baxmaq niyyətindədir: “İşğala və azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır. Ümid edirəm ki, bizim Cənubi Qafqazda fəal əməkdaşlıq barədə danışa biləcəyimiz vaxt gələcək”.

Dövlət başçısı qeyd edib ki, yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə regionda dayanıqlı inkişafı təmin etmək mümkündür: “Biz birgə yaşamağı öyrənməliyik. ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi: “Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”.

Prezident İlham Əliyev noyabr bəyanatından sonra Azərbaycan tərəfindən bir çox addımlarının atıldığını və əməkdaşlıq etmək istəyi nümayiş edildiyini bildirib: “Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik. Müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır. Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”.

Azərbaycanın beynəlxalq münasibətlərindən bəhs edərək dövlət başçısı Azərbaycanla İsrail arasında ticarət münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin daha da inkişaf etməkdə olduğunu qeyd edib: “İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur. Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”.

Azərbaycan Prezidenti Azərbaycanın azad edilmiş ərazilərinə investisiya qoymaq üçün çoxlu imkanların olduğunu da qeyd edib: “Dövlət başçısı bildirib ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyard dollar ayırıb”.

Cənub Qaz Dəhlizi layihəsindən bəhs edərək Azərbaycan Prezidenti bu layihənin qlobal əhəmiyyət daşıdığını bildirib: “Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib. Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək. Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlətimizin başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb. Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”.

Önəmli beynəlxalq layihələrdən bəhs edərək Prezident İlham Əliyev Çinin “Bir kəmər – bir yol” təşəbbüsünü çox vacib hesab etdiyini qeyd edib: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini başa çatdırıb və bizim artıq “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində vacib əlaqəmiz var. Azərbaycan bu vacib layihə üçün öz infrastrukturunu, dəniz limanını, dəmir yollarını təklif edib. Biz bu layihəyə maliyyə və siyasi baxımdan investisiya qoymuşuq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma