Qəbələdə zəruri tikinti işlərinin aparılmasına 6,5 milyon manat ayrılıb

Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələdə avtomobil yolunun və kənd məktəbinin tikintisinə 6,5 milyon manat vəsait ayrılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun və Nic qəsəbəsində 4 nömrəli tam orta məktəbin tikintisinə vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılır.

Dövlət başçısının digər sərəncamına əsasən Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamlarda göstərilən məbləğlərin maliyyələşməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Sərəncamlarda göstərilən məktəb binasının və yolun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitlərinin Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulması tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamlardan irəli gələn məsələlərin həll edilməsi həvalə edilib.

Leave a Reply